Azərbaycanda müxtəlif amillərin inflyasiyaya təsir gücü açıqlanıb
- 06 may, 2026
- 11:37
Bu il Azərbaycanda inflyasiyaya ölkənin xarici ticarət tərəfdaşlarındakı inflyasiya 2,79 faiz bəndi artırıcı təsir edib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Bundan başqa, onun sözlərinə görə, il ərzində kənd təsərrüfatı istehsalçılarının qiymət indeksi inflyasiyaya 1,78 faiz bəndi artırıcı təsir edib.
"Bu ilin mart ayında Azərbaycan manatının nominal effektiv məzənnəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz bəndi möhkəmlənib və nəticədə inflyasiyaya 1 faiz azaldıcı təsir göstərib. Dövlət xərcləri və ev təsərrüfatlarının istehlakı isə 7,3 % və 9,2 % artaraq, inflyasiyaya ümumilikdə 2 faiz bəndi artırıcı təsir edib. Digər amillərin təsiri isə 2 faiz bəndi azaldıcı olub", - deyə sədr qeyd edib.
Xatırladaq ki, AMB-nin yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 4,5 % olacağı gözlənilir.
Fevralda qurum illik inflyasiyanın 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4 % olacağını açıqlamışdı.