Papuaşvili: ABŞ ilə strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında yenidən qurmağa hazırıq

Region
  • 02 sentyabr, 2025
  • 05:23
Papuaşvili: ABŞ ilə strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında yenidən qurmağa hazırıq
Şalva Papuaşvili

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ-la münasibətlərin gələcəyinə dair mövqeyini açıqlayıb.

 "Report"un yerli bürosunun məlumatına görə, o, "Rustavi 2"yə müsahibəsində bildirib ki, "dərin dövlət"in təsir imkanları zəiflədikcə, iki ölkə arasında əməkdaşlıq daha da möhkəmlənəcək.

"Bu gün Gürcüstan açıq münasibətlərə hazırdır. Baş nazirin və prezidentin məktubları da bunun göstəricisidir", – deyə o vurğulayıb.

Papuaşvili əlavə edib ki, yeni administrasiyanın bəyanatlarında digər ölkələrin, o cümlədən kiçik dövlətlərin maraqlarının tanınacağı açıq şəkildə ifadə olunub:

"Biz açıq, şəffaf münasibətlər istəyirik. Əsas marağımız əhalinin rifahının yüksəldilməsi və ölkənin ərazi bütövlüyünün bərpasıdır. Bütün qərarlarımız bu iki meyar əsasında qiymətləndirilir".

Onun sözlərinə görə, 2025-ci ildə Gürcüstanın adambaşına düşən ÜDM-i ilk dəfə olaraq 10 min ABŞ dollarını keçəcək və ölkə Avropa İttifaqına namizəd dövlətlər arasında lider mövqeyə yaxınlaşacaq.

Spiker qeyd edib ki, Tbilisi ABŞ ilə strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında yenidən qurmağa hazırdır:

"Yeni prezident ABŞ-nin iqtisadi maraqlarını açıq şəkildə ifadə edir. Biz də Gürcüstan xalqının maraqlarını masaya qoymağa hazırıq. Dörd milyonluq əhali və kiçik ərazimizlə ABŞ üçün nəzərə alınmaz bir marağımız ola bilməz. Ona görə də biz açıq prosesin tərəfdarıyıq", - parlament sədri deyib.