Azərbaycanın aparıcı sement istehsalçısının aktivləri azalıb

Maliyyə
  • 02 sentyabr, 2025
  • 15:20
Azərbaycanın aparıcı sement istehsalçısının aktivləri azalıb

"Holcim Azerbaijan" ASC 2024-cü ili 19,544 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 51,2 % çoxdur.

Ötən il səhmdar cəmiyyətinin satışdan gəlirləri 210,78 milyon manat (əvvəlki ilə nisbətən 26,6 % çox), satışının maya dəyəri 104,224 milyon manat (21 % çox), çatdırılma xərcləri 41,336 milyon manat (21,8 % çox), ümumi-inzibati xərcləri 24,254 milyon manat (44,1 % çox), satış xərcləri 6,661 milyon manat (46,3 % çox), maliyyə aktivləri üçün ehtiyatdakı dəyişiklikdən zərəri 164 min manat (2,4 dəfə az), maliyyə xərcləri 7,035 milyon manat (6,6 % az), məzənnə fərqindən zərəri 201 min manat (13,7 % az), digər gəlirləri 627 min manat (52,6 % çox), birgə müəssisələrdəki paydan zərəri 6 min manat (50 % çox), mənfəət vergisi ödəmələri isə 7,982 milyon manat (80,3 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Holcim Azerbaijan"ın aktivləri 296,733 milyon manat olub ki, bu da illik müqayisədə 1 % azdır. Hesabat dövründə şirkətinin öhdəlikləri 6,1 % azalaraq 147,04 milyon manata düşüb, balans kapitalı isə 4,6 % artaraq 149,693 milyon manata çatıb.

Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31,813 milyon manatdır. Şirkətin səhmlərinin 86 %-i İsveçrənin "Lafarge Holcim" və "Holcim Auslandbeteiligungs GmbH." şirkətlərinə (müvafiq olaraq 76 % və 10 %), 14 %-i isə fiziki şəxslərə məxsusdur.