Overçuk: Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə işçi qrupu ikitərəfli formatda fəaliyyət göstərir

Region
  • 06 sentyabr, 2025
  • 08:21
Overçuk: Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə işçi qrupu ikitərəfli formatda fəaliyyət göstərir

Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupu (Rusiya, Azərbaycan, Ermənistan) artıq bütün qərarları formalaşdırıb, hazırda tərəflər ikitərəfli formatda əlaqə saxlayırlar.

"Report"un məlumatına görə, bu barədə Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk TASS-a verdiyi müsahibədə bildirib.

"İşçi qrupu 2023-cü ilin iyul ayının əvvəlindən bəri toplanmayıb, lakin biz ikitərəfli səviyyədə əlaqə saxlayırıq. Baş verənlər barədə fikir mübadiləsi aparırıq. Axı üçtərəfli işçi qrupun həmsədrləri həm də hökumətlərarası komissiyalardakı həmkarlarımdır və biz çox ünsiyyətdə oluruq", – deyə o, qrupun taleyi ilə bağlı suala cavabında bildirib.

"Qrup çox dəqiqliklə çalışıb, ən xırda detalları nəzərdən keçirib, Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı müxtəlif aspektləri təhlil edib. Biz hər şeyi hərtərəfli araşdırmışıq. Prinsip etibarilə işçi qrup çərçivəsində bütün qərarlar formalaşdırılıb və ən azı, nə etmək lazım olduğu və bunun necə həyata keçiriləcəyi aydındır", – deyə Overçuk əlavə edib.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri 2021-ci il yanvarın 11-də Moskvada keçirilən danışıqlardan sonra üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması barədə qərar qəbul ediblər.