Ortamüddətli perspektivdə Ermənistanın dövlət borcunun ÜDM-in 54 %-nə qədər artması gözlənilir
- 27 oktyabr, 2025
- 13:06
Ermənistanın dövlət borcunun 2027-2028-ci illərdə ÜDM-in 54 %-nə qədər artması gözlənilir.
"Report"un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu maliyyə naziri Vahe Ovanisyan parlamentin maliyyə-kredit və büdcə məsələləri komissiyasında 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Ötən il 48 % olmuş bu göstəricinin gələn ilin sonunda 50,7 % olacağı gözlənilir.
Bu il borc milli və xarici valyutada əlavə istiqrazların buraxılışı hesabına artıb. Bu ilin sonunda hökumət borcunun 14,1 milyard ABŞ dolları həcmində olacağı (2024-cü ilin sonunda - 12,3 milyard dollar) gözlənilir.
O, həmçinin qeyd edib ki, 2025-ci ilin yekunları üzrə, Ermənistanın dövlət büdcəsi kəsirinin ÜDM-in 5,5 %-i və ya 600 milyard dram (təxminən 1,56 milyard dollar) təşkil edəcəyi gözlənilir. 2028-ci ildə hökumət büdcə kəsirini ÜDM-in 2,8 %-nə qədər azaltmaq niyyətindədir.