KİV: "Melissa" qasırğasına görə 1 000 nəfər Quantanamo bazasından təxliyə edilib
- 27 oktyabr, 2025
- 23:50
Ötən həftə sonu "Melissa" qasırğasının yaxınlaşması səbəbindən Kubanın Quantanamo körfəzindəki ABŞ hərbi dəniz bazasından Müharibə Nazirliyinin işçiləri, hərbçilərin qohumları və podratçılardan ibarət təxminən 1 000 nəfər təxliyə olunub.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
Məlumata görə, Quantanamo körfəzini tərk edənlər müvəqqəti olaraq Florida ştatının Pensakola şəhərindəki hərbi dəniz bazasında yerləşdiriliblər. Onlar növbəti iki həftə ərzində orada qalacaqlar.
ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, Atlantik okeanında əmələ gələn "Melissa" qasırğası Saffir-Simpson külək şkalasında 5-ci kateqoriyaya (ən yüksək) çatıb. Mərkəz bildirib ki, qasırğa qərbə doğru 6 km/saat (4 mil/saat) sürətlə hərəkət edir. Ərazidə küləyin sürəti 72,2 m/s-yə çatır.