Lyuk Koffi: ABŞ Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına daxil etməlidir

Region
  • 06 noyabr, 2025
  • 18:00
Lyuk Koffi: ABŞ Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına daxil etməlidir

ABŞ Mərkəzi Asiya ölkələri ilə səmərəli əməkdaşlıq üçün Azərbaycanla daha fəal qarşılıqlı əlaqədə olmalıdır.

"Report"un məlumatına görə, bu fikri Hudson İnstitutunun baş elmi əməkdaşı Luk Koffi "ABŞ və Mərkəzi Asiya arasında münasibətlərin qurulması üçün "C5+1" sammitindən istifadə" adlı məqaləsində bildirib.

O qeyd edib ki, noyabrın 6-da Vaşinqtonda keçiriləcək "C5+1" formatında görüş (Mərkəzi Asiyanın beş ölkəsi və ABŞ) mühüm geosiyasi mərhələyə təsadüf edib: Ukraynadakı müharibə fonunda Rusiyanın regiondakı təsiri əhəmiyyətli dərəcədə zəifləyib.

L.Koffinin sözlərinə görə, son vaxtlar beynəlxalq arenada daha fəal olan ABŞ Prezidenti Donald Trampın iştirakı "C5+1" formatında görüşə əhəmiyyətli diplomatik təkan verəcək.

"Bu yaxınlarda (avqustun 8-i) o (Donald Tramp - red.) Ermənistan və Azərbaycan liderlərinin əlamətdar sammitini təşkil edib ki, bu da Cənubi Qafqazda sülhə gətirib çıxara bilər. Bu sammit, Moskvanın uzun müddət öz təsir dairəsinin bir hissəsi hesab etdiyi bir regionda mühüm nailiyyət olub. ABŞ Avrasiya ölkəsi olmasa da, onlar 8 avqustda (Vaşinqtonda) bu görüşü təşkil etməklə region üçün əhəmiyyətlərini bərpa ediblər", - o qeyd edib.

L.Koffi bildirib ki, ABŞ üçün Mərkəzi Asiya ilə əməkdaşlıq strateji məna daşıyır, çünki region təbii ehtiyatlarla - neft, təbii qaz və nadir torpaq metalları ilə zəngindir.

"Bundan əlavə, Mərkəzi Asiyadan Avrasiyanın ən vacib tranzit marşrutlarından bəziləri keçir, bunların bir çoxu hələ də Böyük İpək Yolu dövründən öz əhəmiyyətini saxlayır", - ekspert vurğulayıb.

L.Koffi Hudson İnstitutunun saytında dərc olunmuş məqalədə bildirib ki ki, ABŞ region ölkələrini Orta Dəhlizin daha geniş istifadəsinə təşviq etməlidir:

"Son illərdə Orta Dəhliz boyunca konteyner daşımaları sürətlə artıb. 2022-ci ildə konteyner daşımaları həcmi 2021-ci illə müqayisədə təxminən 33 % artıb. Bu da Rusiyadan kənar tranzit marşrutlarına artan tələbatı əks etdirir. 2024-cü ilə qədər daşıma həcmləri iki dəfədən çox artıb. Çünki hökumətlər və şirkətlər logistikanı Xəzər dəhlizinə doğru yönəltməyə davam ediblər. Regionun əsas enerji ixracatçısı olan Qazaxıstan bu marşrutdan istifadə edərək strateji ixracatını şaxələndirməyə başlayıb. Qərb istiqamətində uran ixracatının təxminən 64 %-i hazırda Orta Dəhliz vasitəsilə həyata keçirilir. Bu da cəmi bir neçə il əvvəlki vəziyyətlə müqayisədə kəskin dəyişiklikdir. Ölkə, həmçinin Rusiya infrastrukturundan asılılığını azaltmaq üçün daha geniş səylər çərçivəsində 2024-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə təxminən 1,4 milyon ton neft ixrac edib. Astana yaxın gələcəkdə BTC ilə ixrac həcmini təxminən 2,2 milyon tona qədər artırmağı planlaşdırır".

O, həmçinin hesab edir ki, ABŞ-nin Mərkəzi Asiya ölkələri ilə daha uğurlu qarşılıqlı əlaqəsi üçün Vaşinqton Bakının dəstəyini almalıdır - "C5+1" formatını "C5+2"-yə çevirərək:

"İqtisadi, tarixi və logistik səbəblərə görə, Azərbaycan, Mərkəzi Asiya ölkəsi olmasa da, transatlantik birlik üçün regiona qapıdır. Əgər ABŞ bu təşəbbüslərin uğurla nəticələnməsini istəyirsə Azərbaycan danışıqlar masasında yer almalıdır. Bu əməkdaşlıq hər il "C5+1" formatında görüşün sonunda xüsusi "C5+2" sessiyasının əlavə edilməsi qədər sadə ola bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti