AHİK Zəfər Gününə həsr olunmuş tədbir keçirib
- 06 noyabr, 2025
- 16:20
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 8 Noyabr - Zəfər Günü münasibətilə "Tarixi Zəfər" tədbiri keçirilib.
"Report" xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, AHİK-in rəhbərliyi və kollektivi, üzv təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Konfederasiyanın sədri Sahib Məmmədov Zəfər Gününün tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharətindən, uzaqgörən siyasətindən və müdrik qərarlarından söz açıb, əsgər və zabitlərin döyüş meydanında göstərdiyi igidlik və qəhrəmanlıqlardan, Azərbaycan xalqının sarsılmaz birliyindən bəhs edib.
O qeyd edib ki, bu möhtəşəm Qələbə Ulu Öndər Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi, Azərbaycanın minilliklərə söykənən qədim tarixinin qürur səhifəsi və qəhrəmanlıq salnaməsidir:
"Haqq savaşımızda qəhrəmancasına döyüşərək üçrəngli bayrağımızı işğaldan azad edilmiş torpaqlara sancan mübariz oğul və qızlarımızın şücaəti dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir, şəhid ailələrinin və qazilərin sosial rifahı daim diqqətdə saxlanılır. Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Şərqi Zəngəzur və Qarabağ dirçəldilir və bu torpaqlara yenidən həyat qayıdır".
Daha sonra çıxış edən AHİK sədrinin müşaviri, Vətən müharibəsi iştirakçısı Kamran Umudov keçdiyi döyüş yolundan, komandiri olduğu əsgərlərin əzmkarlığından və yüksək döyüş ruhundan danışıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov isə çıxışında Azərbaycan Ordusunun gücünü, dövlətin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını qeyd edib.
Daha sonra Vətən müharibəsində iştirak etmiş əsgər və zabitlərin qəhrəmanlıqlarını, xalqın birliyini və qələbəyə olan inamını əks etdirən film nümayiş etdirilib.
Tədbir bədii hissə ilə davam edib.