Kobaxidze parlament seçkilərində xaricdə səsvermənin qadağan olunması təşəbbüsünü dəstəkləyib
- 18 noyabr, 2025
- 00:39
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim "Gürcü Arzusu" Partiyasının parlament seçkilərində səsvermənin yalnız respublika ərazisində keçirilməsinə dair təşəbbüsünü dəstəkləyib.
"Report"un məlumatına görə, Kobaxidze bunu Acarıstan İctimai Televiziya və Radio Yayımları Xidmətinin "Azad Məkan" proqramında çıxışı zamanı bildirib.
"Əslində, ötən parlament seçkilərində digər ölkələrdə keçirilən səsvermə yekun nəticələrə heç bir təsir göstərmədi. Lakin görürük ki, müxtəlif səbəblərdən xaricdə yaşayan vətəndaşlarımız xarici təsirlərə məruz qalırlar. Buna görə də seçkilər yalnız ölkəmizin tam yurisdiksiyası tətbiq olunan ərazidə keçirilməlidir", – deyə Kobaxidze vurğulayıb.
"Düşünürəm ki, heç olmasa, bir günlüyə vətənə gəlmək, vəziyyəti öz gözləri ilə görüb qiymətləndirmək və seçim etmək olar", – baş nazir əlavə edib.
Gürcü hökumətinin rəhbəri həmçinin ölkədə növbədənkənar seçkilərin keçirilməyəcəyini, onun 28 oktyabr 2028-ci ildə baş tutacağını qeyd edib.
"Seçkilər Konstitusiyada nəzərdə tutulmuş qaydada 28 oktyabr 2028-ci ildə keçiriləcək. Əgər sabah növbədənkənar seçkilər keçirilsə, "Gürcü Arzusu" asanlıqla konstitusion çoxluq əldə edəcək. Yerli seçkilərdə gördüyünüz kimi, bizim dəstəyimiz daha da artıb. Buna görə də (müxalifətin – red.) növbədənkənar seçkilər barədə danışması boş farsdır, özləri belə onları təşkil etməyəcəklər", – Kobaxidze qeyd edib.
Parlamentin spikeri Şalva Papuaşvili isə 17 noyabrda jurnalistlərə açıqlamasında bildirib ki, "Gürcü Arzusu" parlament seçkilərinin yalnız Gürcüstan ərazisində keçirilməsi ilə bağlı qanun layihəsi üzərində işə başlayıb.