Kobaxidze: İnqilab cəhdləri ilə üzləşdiyimizdən "Şəffaflıq haqqında" Qanunu qəbul etdik
- 12 sentyabr, 2025
- 01:00

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə qəbul edilmiş "Şəffaflıq haqqında" Qanunun zəruriliyini izah edib.
"Report"un yerli bürosunun xəbərinə görə, "İmedi LIVE" verilişində çıxış edən hökumət başçısı bildirib ki, Gürcüstan davamlı olaraq inqilab cəhdləri ilə üzləşir və bu səbəbdən belə qanun qəbul olunub:
"Biz davamlı inqilab cəhdlərinə qarşıyıq və məhz buna görə şəffaflıq haqqında qanun qəbul olundu. Onlar bizimlə müzakirəyə girə bilməzlər və açıq şəkildə deyə bilməzlər ki, istəsək, qeyri-şəffaf şəkildə sizin üçün inqilab təşkil edəcəyik".
Kobaxidzenin sözlərinə görə, ABŞ-nin hazırkı administrasiyası da vaxtilə Amerikanın maliyyə resurslarının müxtəlif ölkələrdə inqilabların təşkilinə yönəldildiyini təsdiqləyib:
"Şəffaflıq haqqında" Qanuna qarşı heç bir arqument yoxdur. İndiki Amerika administrasiyası özü təsdiqləyib ki, keçmişdə müxtəlif ölkələrdə inqilabların təşkili üçün xarici maliyyədən, xüsusən Amerikanın vəsaitindən istifadə olunub. Gürcüstanda da belə planların şahidi olmuşuq.
Buna qarşı qanun qəbul etmişik və kimsə bizə diktə edə bilməz ki, qeyri-şəffaf şəkildə ölkəmizdə inqilab təşkil edə bilər", - Baş nazir vurğulayıb.