Gürcüstanın Baş naziri: Vizaların liberallaşdırılmasının dayandırılması tamamilə əks nəticə verəcək
- 12 sentyabr, 2025
- 01:38

Vizaların liberallaşdırılmasının dayandırılması tamamilə əks nəticə verəcək.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının ölkə ilə viza liberallaşdırılmasını dayandırması ehtimalına münasibət bildirərkən deyib.
"İmedi Live" telekanalının efirində çıxış edən hökumət başçısı qeyd edib ki, belə qərar Gürcüstanda heç bir ciddi qarışıqlığa səbəb olmayacaq:
"Əgər kimsə düşünürsə ki, bu qərarla ölkədə xaos yarana bilər, yanılır. Hakimiyyət dəyişikliyi barədə danışmağa dəyməz, hətta hər hansı əsaslı iğtişaş belə baş verməyəcək. Belə bir qərar qəbul olunsa, bu, əksinə, tamamilə kontrproduktiv olacaq".
Baş nazir əlavə edib ki, Avropa bürokratları keçmişdə də səhv addımlar atıb:
"Qalanını zaman göstərəcək. Bizim üçün əsas məsələ milli maraqlarımızın qorunmasıdır və biz bu maraqları sonadək müdafiə edəcəyik", - hökumət başçısı deyib.