İranda Fransanın iki vətəndaşı ümumilikdə 26 il müddətinə azadlıqdan məhrum edilib
- 14 oktyabr, 2025
- 16:19

Tehran İnqilab Məhkəməsi İranda həbs edilən və casusluqda ittiham olunan Fransanın iki vətəndaşı barəsində ilkin qərar çıxarıb.
"Report" İRNA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı təqsirləndilən şəxslərin vəkilləri yayıb.
Bildirilib ki, rəsmi P Fransa vətəndaşları Sesil Koler və Jak Parinin də azadlığa buraxılmasını İrandan tələb edirdi. Onlar bu ilin yayında İsrailə casusluq etmək ittihamı ilə həbs olunublar.
Məlumata görə, bu işdə təqsirləndirilən iki şəxs Fransa kəşfiyyatı üçün casusluqda, milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə sui-qəsdin təşkilində, İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunublar.
Hökmə əsasən, təqsirləndirilən şəxslərdən biri Fransa kəşfiyyatı üçün casusluq ittihamı ilə 6 il, məlumat toplamaq və milli təhlükəsizliyə qarşı cinayət törətmək ittihamı ilə 5 il həbs cəzasına, həmçinin İsrail kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə müharbə dövrünün qanununa uyğun olaraq 20 il sürgün cəzasına məhkum edilib.
Təqsirləndirilən digər şəxs isə Fransa kəşfiyyatı üçün casusluğa görə 10 il, milli təhlükəsizliyə qarşı cinayət törətmək ittihamı ilə 5 il həbs cəzasına, o cümlədən İsrail kəşfiyyatı ilə əməkdaşlığa görə 17 il sürgün cəzasına məhkum edilib.