ABŞ Senatı respublikaçıların maliyyə qanun layihəsini səkkizinci dəfə rədd edib
- 15 oktyabr, 2025
- 03:37

ABŞ Konqresinin Senatı artıq səkkizinci dəfə respublikaçılar tərəfindən təklif edilən, hazırda qismən dayandırılmış federal hökumətin işinin maliyyələşdirilməsini təmin etməyə yönəlmiş qanun layihəsini rədd edib.
"Report"un məlumatına görə, iclasın yayımını C-SPAN telekanalı həyata keçirib.
14 oktyabr tarixində keçirilən səsvermədə respublikaçılar tərəfindən hazırlanmış və əvvəlcədən Nümayəndələr Palatası tərəfindən təsdiqlənmiş sənədi konqresin yuxarı palatasının 49 üzvü dəstəkləyib, 45 nəfər əleyhinə çıxıb. Qanun layihəsinin təsdiqlənməsi üçün 60 senatorun səsi tələb olunur.
ABŞ federal hökumətinin işinin qismən dayandırılması (şatdaun) 1 oktyabr gecə yarısında (Bakı vaxtı ilə saat 08:00-da) maliyyələşdirmənin olmaması səbəbindən başlayıb. Bu, konqresdə hakim Respublikaçılar və müxalifətdəki Demokratlar Partiyasının nümayəndələrinin səhiyyə sahəsi də daxil olmaqla, bir sıra xərc maddələri ilə bağlı razılığa gələ bilməməsi səbəbindən baş verib. Demokratlar və respublikaçılar bir-birlərini şatdaunu təhrik etməkdə və onu siyasi məqsədlərlə uzatmaqda ittiham edirlər.
ABŞ qanunvericiliyinə əsasən, federal hökumətin maliyyələşdirilməsi dayandırıldığı təqdirdə, milli təhlükəsizliyin təmin edilməsi və xarici siyasət fəaliyyəti üçün məsul olan nazirlik və idarələr işlərini davam etdirirlər. Oxşar tələblər fəaliyyətləri "həyat və əmlakın qorunması"na yönəlmiş dövlət qulluqçularına da təqdim edilir. Bu cür şəraitdə işə çıxmaq məcburiyyətində qalan dövlət qurumlarının əməkdaşları əməkhaqqı almırlar, lakin vəsaitlərin daxil olması məsələsi tənzimləndikdən sonra onlara maaşları ödənilir.