Gürcüstanlı ekspert: Azərbaycan Cənubi Qafqazda hərbi-siyasi lider olaraq önə çıxır
- 21 noyabr, 2025
- 20:08
Azərbaycan Cənubi Qafqazda hərbi-siyasi lider kimi önə çıxır.
Bunu "Report"un yerli bürosuna açıqlamasında Gürcüstanın "Arsenali" hərbi-analitik jurnalının baş redaktoru İrakli Aladaşvili deyib.
O qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə onu regionun hərbi-siyasi liderinə çevirib:
"Prezident İlham Əliyev mümkün görünməyən bir işi – müharibədə itirilmiş torpaqların geri qaytarılmasını – reallaşdırdı. Bu, regionda güc balansını dəyişdi və Azərbaycanın lider mövqeyini möhkəmləndirdi".
İ.Aladaşvili Azərbaycan–Gürcüstan münasibətlərinin əsrlərdir davam etdiyini xatırladıb. Ekspert hər iki ölkənin Avropa ilə Asiya arasındakı strateji mövqelərdə yerləşdiyini qeyd edərək qarşılıqlı əməkdaşlığın ortaq maraqlara xidmət etdiyini vurğulayıb: "Bu əməkdaşlıq regionda siyasi sabitliyi və iqtisadi inkişafı gücləndirəcək".
Baş redaktor həmçinin Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi görüşünü region üçün əhəmiyyətli addım kimi dəyərləndirib:
"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat və hava məkanının açılması müsbət haldır. Gürcüstan olaraq biz buna sevinirik və xalqlarımız arasında dostluq, qarşılıqlı anlaşmanın inkişafını dəstəkləyirik".