Gürcüstanın yeni hava limanının tikintisi 1,25 milyard dollara başa gələcək
- 18 noyabr, 2025
- 11:14
Gürcüstan yeni Tbilisi Beynəlxalq Hava Limanının tikintisinə başlayır, 1,25 milyard dollarlıq layihə 2031-də tamamlanacaq.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili məlumat verib.
Nazir yeni Tbilisi Beynəlxalq Hava Limanının ölkənin aviasiya və turizm sektorunun sinxron inkişafı üçün strateji əhəmiyyət daşıdığını bildirib.
O deyib ki, layihə Asiya İnkişaf Bankının dəstəyi ilə aparılan geniş təhlillər və iqtisadi mümkünlük hesablamalarına əsaslanır. Kvrivişvili qeyd edib ki, 2050-ci ilə qədər sərnişin, yük və turist axınının proqnozları indiki Tbilisi hava limanının artan tələbatı qarşılaya bilməyəcəyini göstərir.
"Məqsədimiz Gürcüstanın maksimum mümkün sərnişin və turist axınını layiqincə qəbul etməsini təmin etməkdir. Hazırkı hava limanının ərazi sıxlığı böyüyən tələbi qarşılamır", - nazir bildirib.
Onun sözlərinə görə, hazırda Gürcüstanda aviasiya sahəsində tarixi maksimum qeydə alınıb: 70-dən çox aviaşirkət 120-dən artıq birbaşa istiqamət üzrə uçuşlar həyata keçirir. Təkcə 2025-ci ilin ilk üç rübündə turizm gəlirləri 3,6 milyard dollar təşkil edib.
Nazir əlavə edib ki, yeni hava limanı 2031-ci ildə istifadəyə veriləcək.