Gürcü spiker: Trampın BBC-yə qarşı iddiası bizim mövqeyimizi gücləndirir
- 16 dekabr, 2025
- 12:16
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ Prezidenti Donald Trampın BBC-yə qarşı 10 milyard dollarlıq məhkəmə iddiası qaldıracağını açıqlamasının Gürcüstan tərəfinin mövqeyini gücləndirdiyini bildirib.
"Report"un Gürcüstan bürosunun məlumatına görə, Papuaşvili jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstan da BBC-yə qarşı hüquqi addımlar atmağa hazırlaşır və artıq bu istiqamətdə vəkillər işləyir.
"Prezident Tramp BBC-yə qarşı 10 milyard dollarlıq iddia qaldıracağını elan etdi. Biz də bu iddia üzərində işləyirik və təbii ki, eyni yolu tutacağıq", – deyə parlament sədri bildirib.
Onun sözlərinə görə, bu hadisə müxtəlif ölkələrdə eyni media konqlomeratı tərəfindən idarə olunan və vahid təbliğat xətti aparan mexanizmin mövcudluğunu bir daha sübut edir.
"Bizə illərdir danışılan media standartları haqqında nağıl bir daha ifşa olunur. Bir çox nümunələr göstərir ki, müxtəlif ölkələrdə eyni mərkəzdən idarə olunan, təkəlli təbliğat maşını fəaliyyət göstərir", – deyə Papuaşvili vurğulayıb.
Parlament sədri qeyd edib ki, Gürcüstan tərəfi tənzimləyici qurumlara müraciət etmək də daxil olmaqla, bütün hüquqi mexanizmlərdən istifadə edəcək.
Qeyd edək ki, BBC tərəfindən yayımlanan filmdə Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının mitinqlər zamanı Birinci Dünya Müharibəsindən qalma kimyəvi silahlardan istifadə etdiyi iddia olunub. "Gürcü Arzusu" bu iddialarla bağlı BBC-yə qarşı beynəlxalq məhkəmələrdə hüquqi mübahisə açacağını bəyan edib.
Bundan əlavə, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti BBC-nin yaydığı məlumatlarla bağlı ictimai məkanda baş verdiyi iddia olunan cinayət faktı üzrə araşdırmaya başlayıb.