Ermənistan Türkiyə ilə sərhədin yaxın zamanda açılmasına ümid edir

Region
  • 22 oktyabr, 2025
  • 11:39
Ermənistan Türkiyə ilə sərhədin yaxın zamanda açılmasına ümid edir

Türkiyə ilə müsbət dialoq yaxın zamanda sərhədin açılmasına ümid verir.

"Report"un Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bunu ölkənin Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

"Biz nəinki siyasi, həm də texniki cəhətdən bu gün Türkiyə vasitəsilə Azərbaycana və əksinə yük maşınlarının tranzitini təmin etməyə hazırıq. Ermənistan ərazisində yollar və sərhəd infrastrukturu Marqara, Yeğeqnadzor, Sisian, Gorus marşrutu boyunca buna hazırdır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, siyasi cəhətdən erməni tərəfi Naxçıvandan Azərbaycana və əksinə Ermənistan ərazisindən yüklərin tranzitini təmin etməyə də hazırdır, lakin infrastruktur mövcud deyil.

"Siyasi cəhətdən biz Türkiyə ilə Naxçıvan, Türkiyə ilə Azərbaycan arasında dəmir yolu əlaqəsini təmin etməyə hazırıq, lakin dəmir yolu təmir və bərpaya ehtiyac duyur. Əminəm ki, bu texniki məsələlər 2-3 il ərzində həll olunacaq", - N.Paşinyan bildirib.

Onun sözlərinə görə, yaxın zamanda Ermənistan ərazisindən Azərbaycandan Naxçıvana, həmçinin Ermənistan, Azərbaycan və Türkiyə arasında boru kəmərləri, elektrik xətləri çəkiləcək. Həmçinin, dəmir yolu və avtomobil yolu kommunikasiyaları təmin ediləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti