Macarıstanda 1500-dən çox azərbaycanlı tələbə təhsil alır
- 22 oktyabr, 2025
- 20:02

Macarıstanda 1500-dən çox azərbaycanlı tələbə təhsil alır.
"Report" xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda Macarıstanın Milli Günü və 1956-cı il inqilabının ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
O qeyd edib ki, tələbələrin bir çoxu "Stipendium Hungaricum" Təqaüd proqramının sahibləridir:
"Azərbaycanda qısamüddətli mobillik proqramlarına qoşulan macar tələbələrin sayı artır. Universitetlər arasında əlaqələr dinamik şəkildə inkişaf edir və biz bu əməkdaşlıqda yüksək potensial görürük. Mədəniyyət sahəsində əməkdaşlığımız sərgilərə qoşulmaqdan tutmuş kino sənayesindəki layihələrə qədər getdikcə daha çox sahələri əhatə edir".
Diplomat qeyd edib ki, macarlar özlərini Avropanın mərkəzində min ildən artıq xristian adət-ənənələrinə və dövlətçiliyinə malik bir millət kimi, türk xalqları ilə ortaq köklərə və qohumluq şüuruna malik bir xalq kimi görürlər:
"Macarıstanın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi kimi daxil olması bu unikal kimliyinin siyasi ifadəsidir. Türk dünyası ilə institusional əlaqələri olan yeganə Aİ-yə üzv dövlət kimi TDT-nin işində fəal iştirakımız, o cümlədən bu il Prezident İlham Əliyevin Budapeştdə keçirilən TDT-nin qeyri-rəsmi Zirvə Görüşündə iştirakı və Macarıstan Baş naziri Viktor Orbanın Qəbələdə TDT-nin rəsmi Zirvə Görüşündə bu yaxınlarda iştirakı Şərq-Qərb əməkdaşlığına nəzərəçarpacaq töhfədir".
T.Torma vurğulayıb ki, Azərbaycanla Macarıstanı yüksək ikitərəfli əlaqələr və çoxşaxəli əməkdaşlıqdan başqa, sülhə dair ümumi baxışlar da birləşdirir.