Bakıda Avrasiya Françayzinq Forumu keçiriləcək
- 22 oktyabr, 2025
- 20:49

Oktyabrın 30-da Bakıda Azərbaycan Avrasiya Françayzinq Forumu keçiriləcək.
"Report" bu barədə "Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinə istinadən xəbər verir.
Məlumata görə, tədbir qurumun təşkilatçılığı, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) tərəfdaşlığı ilə baş tutacaq.
Avrasiya Françayzinq Forumu regional və beynəlxalq françayzinq sektorunun əsas oyunçularını bir araya gətirərək, yeni biznes imkanlarını, qlobal trendləri və rəqəmsallaşmanın sektor üçün əhəmiyyətini müzakirə etməyə imkan verəcək.
Forumda Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Dubay, Çin və Almaniyadan olan iş adamları, françayzerlər, investorlar, həmçinin dövlət və özəl qurumların rəhbər şəxsləri iştirak edəcək.
Tədbir çərçivəsində iştirakçılar sərgi stendlərinə baxış və şəbəkələşmə imkanlarından istifadə edə biləcək, qlobal və regional brendlərin uğur strategiyalarını öyrənəcək, rəqəmsallaşma, süni intellekt və data analitikası sahəsində yeni trendlərlə tanış olacaq, B2B görüşlər vasitəsilə yeni biznes tərəfdaşları ilə əlaqələr quracaq.
Forumun gündəliyində françayzinqin gələcək perspektivləri, pərakəndə ticarət və qida sənayesində uğurlu modellər, həmçinin texnologiyanın françayzinqə təsiri üzrə panel müzakirələri nəzərdə tutulub. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq və qapalı gala kokteyli təşkil ediləcək.
Avrasiya Françayzinq Forumu regional iqtisadi inteqrasiyanı gücləndirmək və Avrasiya regionunda françayzinq biznesinin inkişafına dəstək vermək məqsədini daşıyır.