Aİ ölkələrinin XİN başçıları Ukraynanın maliyyələşdirilməsini və nizamlanma planlarını müzakirə ediblər

Region
  • 20 noyabr, 2025
  • 21:58
Aİ ölkələrinin XİN başçıları Ukraynanın maliyyələşdirilməsini və nizamlanma planlarını müzakirə ediblər

Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının bugünkü iclasında əsas müzakirə mövzuları yaxın illərdə Ukraynaya dəstək üçün maliyyə mənbələrinin axtarışı, həmçinin Rusiyaya qarşı yeni sanksiyalar və mümkün nizamlanma danışıqları olub.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu tədbirin yekunları barədə jurnalistlərə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

"Ümumilikdə Aİ ölkələrinin XİN rəhbərləri Ukraynaya dondurulmuş rus aktivləri hesabına kredit verilməsini – reparasiya kreditlərini – dəstəkləyiblər", - deyə o qeyd edib.

"Bir sıra Avropa ölkələri, ilk növbədə, Belçika hələ də bu məsələ ilə bağlı problemlərlə üzləşir, çünki bu vəsaitlərin böyük hissəsi oradadır. Buna görə də Çexiya məsələyə konstruktiv yanaşır, həll yolu tapmağa və müzakirələri davam etdirməyə çalışır. Əgər Rusiyanın pulları varsa və o, Ukraynaya və Avropaya qarşı aqressiv müharibə aparırsa, biz həmin pullardan istifadə etməliyik, vergi ödəyicilərinin vəsaiti hesabına yardım etməyə çalışmamalıyıq", – deyə Lipavski vurğulayıb.

Macarıstanın xarici işlər naziri Peter Siyartonun açıqlamasını şərh edən çexiyalı nazir bildirib ki, o da iclasda eyni ruhda çıxış edib: "Yaxşı xəbər odur ki, NABU antikorrupsiya orqanı tərəfindən aşkar edilmiş korrupsiya faktları araşdırılır, cinayət işi açılıb və Ukrayna Prezidenti Volodimir Zelenski kifayət qədər qətiyyətli addımlar atır. Çexiya Kiyevə sursatların tədarükü təşəbbüsünü həyata keçirir və vəsaitlərin düzgün bölüşdürülməsində maraqlıdır".

ABŞ-nin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə yeni planı ətrafında müzakirələri şərh edən Lipavski söyləyib ki, mövcud məlumat qeyri-rəsmi xarakter daşıyır. Planın şərtlərinə görə, Ukrayna hazırda nəzarətində saxladığı əraziləri təhvil verməli, ordusunun sayını azaltmalı və faktiki olaraq gələcək hücumlara qarşı müdafiə qabiliyyətini itirməlidir. Çexiya XİN rəhbərinin sözlərinə görə, bu, əslində, Ukraynanın kapitulyasiyası deməkdir.

"Digər tərəfdən, mən ABŞ-nin hər hansı həll yolu tapmaq cəhdlərini tamamilə pisləmək istəmirəm. Şurada açıq şəkildə bildirildi ki, Rusiya-Ukrayna müharibəsinin hesabını məhz Avropa ödəyir, buna görə də real maliyyə və siyasi güc qoyan tərəfin iştirakı olmadan hər hansı sülh planının hazırlanması mənasızdır. Hesab edirəm ki, bu vəziyyətdə Avropa danışıqlardan kənarda qala bilməz", – deyə çexiyalı nazir yekunlaşdırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti