ABŞ heyəti "Tramp marşrutu" layihəsinin həyata keçirilməsi çərçivəsində Ermənistana gələcək
- 11 sentyabr, 2025
- 11:10

Yaxın günlərdə ABŞ nümayəndə heyəti "Tramp marşrutu" layihəsinin həyata keçirilməsi prosesi çərçivəsində Ermənistana gələcək.
"Report"un məlumatına görə, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan "Armenpress" agentliyinə müsahibəsində bildirib.
Nazir dəhlizin yaradılması ilə bağlı razılaşmanın Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderlərinin birgə sammitində əldə olunduğunu xatırladıb.
G.Papoyan əlavə edib ki, ABŞ nümayəndə heyəti gələcək, tanış olacaq və yerində hesablamalar aparacaqlar.
Onun sözlərinə görə, Türkiyə tərəfindən Serdar Kılıçın səfəri gözlənilir: "O, Türkiyə hökumətinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində xüsusi nümayəndəsidir. Meğri və Qapan sakinləri hər gün dağların necə dağıldığını və yeni "Şimal-Cənub" yolunun tikilməsi prosesini görürlər".
G.Papoyan kommunikasiyaların açılmasının Ermənistanın "iqtisadi ağciyərlərini" açacağını bildirib: "Ermənistanın dənizə çıxışının olmamasından əlavə onun quru sərhədlərinin 75 %-i hələ də bağlıdır. Ermənistanın təcriddən çıxması halında iqtisadi artımın necə olacağı barədə müxtəlif qiymətləndirmələr mövcuddur".
Nazirin sözlərinə görə, hazırda tədqiqatlar aparılır: "Bizdə bir tədqiqat var ki, ona əsasən Ermənistana idxal olunan bir çox malların qiymətləri əhəmiyyətli dərəcədə azalacaq. Elə mallar var ki, Ermənistan onları idxal etməyə məcburdur və onlar ölkəmizdə kifayət qədər bahadır. Onlar logistika problemləri səbəbindən bahadır".