Aqil Nəbiyev: "Gürcüstan millisini taktiki və texniki cəhətdən yaxşı oynadığımız üçün məğlub etdik"
- 11 sentyabr, 2025
- 13:44

Azərbaycanın U-16 millisi Bakıda keçirilən toplanış çərçivəsində Gürcüstandan olan həmyaşıdlarını həm texniki, həm də taktiki cəhətdən yaxşı oynadığı üçün məğlub edib.
Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Aqil Nəbiyev deyib.
Mütəxəssis uşaqların oyun praktikasında çatışmazlıqlar olduğunu vurğulayıb:
"Yay fasiləsindən sonra bu komandanın ilk toplanışıdır. Bilirsiniz ki, aşağı yaş qruplarında liqalar hələ başlamayıb. Uşaqlar oyun formalarından çox uzaqdırlar, kondisiya və praktika problemləri var. Gürcüstan millisi üzərində qələbə vacib idi. Düzdür, oyundan tam razı qalmadım, çatışmazlıqlar var. Bunların aradan qaldırılması üçün vaxt lazımdır. Liqalar başlamalı, toplanış və beynəlxalq oyun sayı çox olmalıdır. Gürcüstan hazır komandadır, çünki bu ölkədə aşağı yaş qrupları üzrə liqalara start verilib. Futbolçuların fərdi keyfiyyətləri daha yaxşıdır. Buna baxmayaraq, həm texniki, həm də taktiki cəhətdən daha yaxşı oynadığımız üçün qələbə qazandıq. Gürcüstana qarşı növbəti yoxlama oyununu sabah keçirəcəyik".
A.Nəbiyev bir neçə gün ərzində yekun heyəti formalaşdırmağa çalışacaqlarını vurğulayıb:
"Bəzi futbolçular milliyə zədəli və xəstə olmaları səbəbindən qoşula bilmədilər. Bu, demək olar ki, III MDB Oyunları öncəsi son toplanışımızdır. Gürcüstanla oyundan sonra məşqçilərlə bir araya gəlib yekun heyəti müəyyənləşdirib AFFA-ya təqdim edəcəyik. Liqalarda komanda sayı az olduğu üçün seçim geniş deyil. Bu səbəbdən uşaqların yoxlama görüşlərini də izləyirik ki, ən azı ümumi durumları barədə məlumatımız olsun".
Qeyd edək ki, U-16 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. A.Nəbiyevin rəhbərlik etdiyi kollektiv bu rəqiblə sabah ikinci dəfə üz-üzə gələcək.