Prezidentin köməkçisi: Mina təhlükəsi Azərbaycan üçün ciddi çağırış olaraq qalır

Qarabağ
  • 01 may, 2026
  • 15:37
Prezidentin köməkçisi: Mina təhlükəsi Azərbaycan üçün ciddi çağırış olaraq qalır

Mina təhlükəsi Azərbaycan üçün ciddi çağırış olaraq qalır.

"Report"un Xankəndinə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələri qarşısında çıxış edərkən bildirib.

"Bunlar (minalar - red.) bu ərazilərdə torpağın altına yerləşdirilmiş gizli təhlükədir. Gördüyünüz kimi, buranın gözəl təbiəti var, lakin, təəssüf ki, mina təhlükəsi səbəbindən bir sıra rayonlara çıxışımız yoxdur", - o deyib və qeyd edib ki, Azərbaycan torpaqlarının işğalı dövründə bu ərazilərdə 1,5 milyondan çox mina basdırılıb.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan ərazisinin, demək olar ki, 12–13 %-i minalarla çirklənib.

"Hər il (minatəmizləməyə - red.) əhəmiyyətli maliyyə resursları ayrılır, lakin bu iş böyük insan cəsarəti tələb edir. Başqa yol yoxdur - əraziyə yalnız mütəxəssislər çıxır və addım-addım minatəmizləmə işlərini həyata keçirirlər", - o qeyd edib.

Prezidentin köməkçisi xatırladıb ki, 2020-ci ildən bəri mina partlayışları nəticəsində həlak olan və yaralananların sayı artmaqda davam edir:

"Bu günə olan vəziyyətə görə, 400-dən çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb".