"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
- 01 may, 2026
- 18:08
Bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərcləri 30 milyon ABŞ dolları, əsaslı xərclər isə təqribən 28 milyon ABŞ dolları təşkil edib.
"Report" "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə BTC-nin əməliyyat xərcləri 6,2 % azalıb, əsaslı xərcləri isə 2,2 dəfə artıb.
BTC boru kəmərinin istismara verildiyi 2006-cı ilin iyun ayından bu ilin mart ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 626 milyon ton (təxminən 4,7 milyard barel) xam neft nəql edilib və Ceyhan terminalında 6 210 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
2026-cı ilin yanvar-mart aylarında BTC vasitəsilə ixrac olunmuş təqribən 6 milyon ton (təxminən 49 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 65 tankerə yüklənərək yola salınıb.
Hazırda BTC boru kəməri əsasən AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan başqa, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
Qeyd edək ki, "BTC Co." şirkətinin səhmdarları BP (30,10 %); SOCAR (32,97 %); MOL (8,90 %), TPAO (6,53 %); "Eni" (5,00 %); "TotalEnergies" (5,00 %), "İtochu" (3,40 %); "İnpex" (2,50 %), "ExxonMobil" (2,50 %) və ONGC (BTC) Limited (3,1 %) şirkətləridir.