Azərbaycandan Avropa Parlamentinə sərt cavab: Bakı Brüssellə arasına məsafə qoyur - ŞƏRH

Analitika
  • 01 may, 2026
  • 18:02
Azərbaycandan Avropa Parlamentinə sərt cavab: Bakı Brüssellə arasına məsafə qoyur - ŞƏRH

Cənubi Qafqaz kimi böyük güclərin maraqlarının toqquşduğu bir regionda balanslı, müstəqil və prinsipial xarici siyasət yürütmək olduqca çətindir. Məhz buna görə yalnız özünün milli maraqlarından çıxış edən, heç bir geosiyasi mərkəzin təsiri altına düşməyən və bərabərhüquqlu tərəfdaşlıq modelinə sadiq qalan Azərbaycan vaxtaşırı olaraq müxtəlif xarici aktorların təzyiqlərinə məruz qalır.

Xüsusilə, Avropa institutlarında formalaşmış lobbiçilik qrupları, qərarvermə mexanizmlərinə təsir imkanına malik siyasi çevrələr və regiona köhnə stereotiplərlə yanaşan qüvvələr Bakının prinsipial mövqeyini qəbul etmək istəmir. Bu isə siyasi gündəliyin formalaşmasında müəyyən rol oynayır. Belə təsirlər nəticəsində Avropada qəbul olunan bəzi siyasi sənədlər və qətnamələr regiondakı real vəziyyətin kompleks və çoxşaxəli mahiyyətini qəti şəkildə əks etdirmir, əksinə, daha dar və selektiv baxış bucağından formalaşır.

Nəticədə xüsusilə Cənubi Qafqaz kimi həssas geosiyasi məkanda baş verən proseslərə dair qiymətləndirmələr bəzən obyektiv təhlildən uzaqlaşaraq siyasi mesaj və təzyiq vasitəsi xarakteri alır.

Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanın enerji siyasətində, regional təhlükəsizlik məsələlərində, Zəngəzur dəhlizi, postmünaqişə reallıqları və suverenlik məsələlərində sərgilədiyi sərt və müstəqil xətt bu dairələrin maraqları ilə üst-üstə düşmür. Bu isə Avropa Parlamentində (AP) Azərbaycana qarşı qərəzli qətnamələrin qəbulu, ikili standartların tətbiqi ilə müşayiət olunur.

Bir tərəfdən Avropa Komissiyası Azərbaycanı etibarlı enerji tərəfdaşı adlandırır və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrdə Bakı ilə sıx əməkdaşlıq edir. Digər tərəfdən Avropa Parlamenti qərəzli qətnamələr qəbul edərək siyasi təzyiq rıçaqlarını işə salır. Bu, Avropa daxilindəki qurumların vahid bir strateji baxışa malik olmadığını və daxili siyasi qrupların (erməni lobbisi xüsusilə) qərarvermə mexanizminə ciddi təsirini göstərir. İqtisadi məntiqin siyasi qərəzə, qrup maraqlarına, erməni diasporunun iddialarına qurban verilməsi, əslində, nə Avropanın strateji maraqlarına xidmət edir, nə də real nəticə verir.

Əksinə, bu xətt Azərbaycan kimi etibarlı enerji və nəqliyyat tərəfdaşı ilə münasibətlərin zəifləməsinə səbəb olur. Halbuki Bakı uzun illərdir Avropanın enerji təhlükəsizliyində sabit və proqnozlaşdırılabilən tərəfdaş kimi çıxış edir. Bu cür siyasi yanaşmalar davam etdikcə Avropa tərəfi həm etibarlı tərəfdaş imkanını itirmək riski ilə üzləşir, həm də regionda formalaşan yeni iqtisadi və geosiyasi bağlantılardan kənarda qalır. Nəticədə Azərbaycanın təklif etdiyi əməkdaşlıq modeli, əslində, qarşılıqlı faydaya əsaslandığı halda onu siyasi səbəblərlə arxa plana keçirmək Avropaya əlavə üstünlük qazandırmır, əksinə, strateji baxımdan itkilər yaradır.

Qeyd etmək yerinə düşər ki, 2020-ci il Vətən müharibəsində Azərbaycanın qələbəsini və regionda yaranmış yeni geosiyasi reallıqları həzm edə bilməyən siyasi çevrələrin sifarişi ilə Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü, suveren hüquqları və təhlükəsizlik maraqlarını nəzərə almadan 10-dan çox qərəzli qətnamə qəbul edib.

Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri, Laçın yolu ətrafında yaranmış vəziyyət, sərhədlərin delimitasiyası prosesi, Ermənistanla normallaşma danışıqları, eləcə də Qərbi azərbaycanlıların geriqayıdış hüququ kimi məsələlərdə Avropa Parlamentinin sənədlərində daha çox birtərəfli və selektiv yanaşma üstünlük təşkil edib.

Rəsmi Bakı isə öz növbəsində ardıcıl və prinsipial şəkildə bu qətnamələrə cavab verib. Bildirilir ki, əslində, bu sənədlər ölkənin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə müdaxilə cəhdidir. Eyni zamanda, bu sənədlər obyektivlikdən çox uzaqdır. AP-nin bu qətnamələri regiondakı reallıqları əks etdirmir, yaranan sülh mühitinə kölgə salır və destruktiv qüvvələrin "çörəyinə yağ yaxır". Regionda beynəlxalq hüquqa əsaslanan yeni status-kvo formalaşdığı halda Avropa Parlamenti köhnə siyasi stereotiplərdən çıxış edir və bəzi hallarda açıq şəkildə Ermənistanın maraqlarına uyğun mövqe tutur.

Rəsmi Bakının isə bu məsələdə mövqeyi dəyişməzdir: Bu, qərəzli mövqe, ikili standart və selektiv yanaşmadır. Bu cür yanaşmalar da siyasi qiymətləndirmədən çox, müəyyən mərkəzlərin sifarişli mövqeyinin və Azərbaycan əleyhinə lobbiçiliyin vəhdəti və təzahürüdür.

Eyni zamanda, Azərbaycan Avropa institutlarına ünvanladığı diplomatik mesajlarda ikili standartlara son qoyulmasını və münasibətlərin qarşılıqlı hörmət, bərabərhüquqlu dialoq əsasında qurulmasını tələb edib. Rəsmi Bakı hesab edir ki, Avropa Parlamenti regionda sülh və sabitliyə töhfə vermək əvəzinə, qərəzli qətnamələr və siyasi təzyiq ritorikası ilə destruktiv rol oynayır.

30 aprel 2026-cı ildə qəbul edilən növbəti anti-Azərbaycan qətnaməsi isə münasibətlərdə gərginliyi pik həddə çatdırıb. Həmin sənəddə ölkəmizə qarşı irəli sürülən iddialar Bakı tərəfindən tamamilə əsassız və siyasi motivli hesab olunub. Bunun ardınca 1 may 2026-cı ildə Milli Məclis prinsipial və sərt qərar qəbul edərək Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin dayandırıldığını elan etdi ki, bu da Azərbaycanın parlament diplomatiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Bu addımın əsas səbəbi kimi Avropa Parlamentinin sonuncu anti-Azərbaycan qətnaməsi göstərilir. Həmin sənəddə Azərbaycana qarşı "qərəzli və əsassız müddəalar" yer aldığı bildirilir və buna cavab olaraq həm XİN səviyyəsində etiraz notası təqdim olunub, həm də parlament səviyyəsində siyasi cavab verilib.

Bu hadisəni sadə diplomatik narazılıq kimi qiymətləndirmək olmaz. Rəsmi Bakı faktiki olaraq parlament vasitəsilə Brüssellə arasına siyasi məsafə qoyur. Bu yanaşma Azərbaycanın xarici siyasətində formalaşmış müstəqil xəttin davamı kimi çıxış edir və dövlətin heç bir xarici təzyiq və ya siyasi təsir qarşısında öz mövqeyindən geri çəkilməyəcəyini nümayiş etdirir. Həm də qeyd etmək lazımdır ki, Azərbaycan bu addımı ilə Avropaya göstərir ki, ona qarşı parlament səviyyəsində göstərilən qərəzə, parlament diplomatiyası müstəvisində qarşılıqlı hörmət prinsipinin pozulmasına cavab vermək gücündədir. Belə bir yanaşma da öz növbəsində sübut edir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz suveren mövqeyini qorumaq, milli maraqları prioritet kimi saxlamaq və xarici təsir mexanizmlərinə qarşı institusional məsafə formalaşdırmaq qabiliyyətinə malikdir.

Qısacası, Milli Məclisin bu gün qəbul etdiyi qərar sübut edir ki, Azərbaycan artıq "yumşaq diplomatiya" mərhələsindən "prinsipial cavab" mərhələsinə keçib. Rəsmi Bakı bununla göstərir ki, qərəzli sənədlər sadəcə kağız parçası kimi qalmır, onlar real dövlətlərarası münasibətlərə ciddi zərbə vurur və Azərbaycan bu zərbəni cavabsız qoymayacaq qədər özünə güvənir.

Kamil Məmmədov