Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşündə İslamabad Bəyannaməsi qəbul olunub
- 14 oktyabr, 2025
- 11:26

Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü İslamabad Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.
"Report" xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova yekun çıxışında sənədin üç ölkə arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini əhatə etdiyini, parlamentlərin birgə fəaliyyətinin əhəmiyyətini vurğuladığını, o cümlədən əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanları təsbit etdiyini söyləyib.
Onun sözlərinə görə, İslamabad Bəyannaməsi regional və qlobal proseslərə münasibətdə də ortaq baxışları əks etdirir:
"Üç ölkənin parlamentləri arasındakı bu səmərəli əməkdaşlıq formatı birgə səylərlə bundan sonra da uğurla davam edəcək. Bu əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, ölkələrimizin maraqlarına xidmət edir, onlar arasındakı dostluq və qardaşlıq əlaqələrinin, birlik və həmrəyliyin daha da güclənməsinə töhfə verir".
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da üç ölkə və xalq arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün parlament diplomatiyasının imkanlarından istifadə edilməsinin vacibliyini qeyd edib. O, Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşünün uğurla nəticələndiyini qeyd edərək bunun gələcək əməkdaşlıq üçün çox faydalı olduğunu söyləyib.
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq isə tədbirin üç qardaş ölkə arasında bir sıra aktual məsələlərin ətraflı müzakirəsi baxımından yaxşı imkanlar yaratdığını bildirib. O, bu platformanın əhəmiyyətini, üç dost və qardaş ölkə parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynadığını qeyd edib.