Özbəkistanda səfərdə olan Azərbaycan jurnalistləri Xarəzm vilayətinə gediblər
- 06 noyabr, 2025
- 16:14
"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair "Yol Xəritəsi" çərçivəsində" noyabrın 4-dən başlayaraq Azərbaycan media nümayəndələrinin Özbəkistanın Xarəzm vilayətinə səfəri təşkil olunub.
"Report" xəbər verir ki, səfər çərçivəsində media nümayəndələri Xivə və Ürgənc şəhərlərində bir sıra mədəni, təhsil və sənaye müəssisələrini ziyarət ediblər.
Səfərin ilk günü Xivə şəhərində yerləşən "Arda Khiva" turizm kompleksi və "Nurullaboy" saray kompleksi ilə tanışlıq olub. Burada jurnalistlərə turizm infrastrukturunun inkişafı, regionun müasir turizm strategiyası və tarixi abidələrin bərpası barədə məlumat verilib. Həmçinin Özbəkistanın ilk fotoqrafı Xudoyberqan Devonovun irsini əks etdirən sərgiyə baxış keçirilib.
İkinci gün isə "İçan-Qala" Dövlət Muzey-Qoruğuna səfərlə başlayıb. Jurnalistlər UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş bu tarixi məkanda Xivənin memarlıq irsi və abidələrin qorunması istiqamətində görülən işlərlə tanış olublar. Daha sonra nümayəndələr Prezident Məktəbi və Mamun Xorazm Akademiyasına baş çəkiblər. Burada tədris prosesi, elmi fəaliyyət və gənclərin inkişafına yönəlmiş layihələr barədə məlumat verilib. Günün sonunda Xivə xalça fabrikinə səfər təşkil olunub, istehsal prosesi və məhsulların ixrac imkanları ilə tanışlıq olub.
Üçüncü gün media nümayəndələri "Khiva Teks" tekstil fabriki, "Tillo Domor" süd məhsulları müəssisəsi və Ürgənc şəhərindəki "RANCH" Texnologiya Universitetinin yeni kampusunu ziyarət ediblər. Bu müəssisələrdə sənaye və təhsil sahəsində tətbiq edilən müasir texnologiyalar və innovativ yanaşmalar barədə məlumat verilib.