Azərbaycan D-8 Media Mükəmməllik Mərkəzini yaratmağı və ev sahibliyi etməyi təklif edib

Media
  • 21 noyabr, 2025
  • 10:44
Azərbaycan D-8 Media Mükəmməllik Mərkəzini yaratmağı və ev sahibliyi etməyi təklif edib

Azərbaycan D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və ona ev sahibliyi etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam Bakıda keçirilən D8 İqtisadi Əməkdaşlıq Təşkilatının mediaforumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın əsas təşəbbüslərindən biri ölkənin ev sahibliyi etməyə hazır olduğu D-8 Media Mükəmməllik Mərkəzinin yaradılmasıdır. Bu Mərkəz media sahəsində əməkdaşlığın inkişafı, bilik mübadiləsi, peşəkar hazırlıq və üzv ölkələrin jurnalistləri və media mütəxəssislərinin imkanlarının genişləndirilməsi üçün flaqman platformaya çevriləcək.

"Biz, şübhəsiz ki, D-8 regionunda əməkdaşlığı gücləndirəcək bu təşəbbüsü alqışlayırıq. Xüsusilə də Media Mükəmməllik Mərkəzi qlobal informasiya məkanında kollektiv səsimizi gücləndirməyə imkan verəcək", - o qeyd edib.

Baş katibin sözlərinə görə, bu ilin mart ayında təşkilata qoşulduqdan qısa müddət sonra Azərbaycan yüksək fəallıq göstərib və D-8 daxilində əməkdaşlığın inkişafına mühüm töhfə verib.

İmam qeyd edib ki, forumun üzvü olan bütün dövlətlər yüksək səviyyədə təmsil olunur və bu, təkcə iqtisadi deyil, həm də informasiya və kommunikasiya sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə ümumi sadiqliyi nümayiş etdirir.

"Azərbaycan oktyabr ayında ilk dəfə D-8 İqlim və Şəhər Dialoqunu, noyabr ayında isə təşkilatın 2030-cu ilə qədər yol xəritəsinin nəzərdən keçirildiyi D-8 komissarlarının qeyri-rəsmi görüşünü keçirib", - o bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti