Masato Kanda: "ADB 2030-cu ilə qədər CAREC regionunun inkişafına 10 milyard dollardan çox vəsait ayıracaq"
- 21 noyabr, 2025
- 11:15
Asiya İnkişaf Bankı (ADB) 2030-cu ilə qədər CAREC regionunda regional əlaqələrin, "təmiz enerji", rəqəmsal transformasiya və inklüziv infrastrukturun inkişafı üçün 10 milyard ABŞ dollarından çox vəsait ayırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə ADB-nin prezidenti Masato Kanda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) 24-cü nazirlər konfransında çıxışı zamanı bildirib.
"ADB 2025-ci ildən 2028-ci ilə qədər olan dövrdə CAREC-in yeddi ölkəsində ticarət, nəqliyyat və logistikanın təkmilləşdirilməsi üzrə 18 layihənin reallaşdırılmasına təxminən 4 milyard ABŞ dolları səfərbər edəcək. Xüsusilə, CAREC 2 Dəhlizi (Orta Dəhliz, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – red.) çərçivəsində infrastrukturun modernləşdirilməsinə investisiya yatırılması planlaşdırılır", - o vurğulayıb.
Xatırladaq ki, ADB 2001-ci ildən bəri Mərkəzi Asiya və Cənubi Qafqazda avtomobil və dəmir yolu obyektlərini əhatə edən Orta Dəhlizin inkişafı çərçivəsində 24 infrastruktur layihəsinin həyata keçirilməsinə təxminən 4 milyard ABŞ dolları yönəldib.
Onun sözlərinə görə, enerji sahəsində ADB regionun ən böyük iki hidroenerji layihəsinin - Tacikistandakı Rogun və Qırğızıstandakı Kambarata SES-1-in reallaşdırılması üçün 800 milyon dollardan çox vəsait səfərbər edəcək.
"Biz, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistana Xəzər "yaşıl enerji" dəhlizinin - Mərkəzi Asiyadan Avropaya "təmiz enerji" ticarətini transformasiya edə biləcək bir layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaqda kömək edirik. Bu təşəbbüslər ADB-nin əsas gücünü əks etdirir: biz hələ başqaları üçün əlçatmaz olan mürəkkəb transsərhəd layihələrə kapital və etimad gətiririk", - M.Kanda qeyd edib.
Xatırladaq ki, CAREC təşəbbüsü 1997-ci ildə Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün yaradılıb. Bura Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.
Bundan əlavə, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5,6 milyard ABŞ dollarına yaxın kredit ayırıb. Bunun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları özəl sektora yönəldilib. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dolları, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları vəsait ayırıb.
Yeni tərəfdaşlıq strategiyasının bir hissəsi olaraq, ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazırdır.
ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 səhmdar ölkə təmsil olunur.