Cəbrayılda "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açılıb

Mədəniyyət
  • 04 oktyabr, 2025
  • 17:35
Cəbrayılda Qarabağ – obyektivdən tarixə adlı fotosərgi açılıb

Cəbrayılda keçirilən Şəhər Günü çərçivəsində 44 günlük Vətən müharibəsində şanlı Qələbənin 5 illiyinə həsr olunan "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açılıb.

"Report" xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri, doğma şəhərə qayıtmış Cəbrayıl sakinləri və media mənsubları iştirak ediblər.

Məlumat verilib ki, sərginin məqsədi Azərbaycanın qədim diyarı olan Qarabağın azad olunmuş ərazilərindəki təbii gözəllikləri, tarixi abidələri və dövlətimiz tərəfindən burada həyata keçirilən bərpa-quruculuq prosesini peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etməkdir.

Sərgidə Vüqar İbadov, Arif Ələkbər, Kamran Əsədov, Fətəli Fətəliyev, Sabir Məmmədov, Tapdıq Abdullayev, Sücəddin Hüseynov, Mahir Qəhrəmanov, Abdulla Səfi, Asif Mustafazadə, Fariz Vəliyev, Teymur Məmmədov, Rəsul Rəhimov, Hörmət Ömərov, Elman Hüseynov və başqa fotoqrafların əsərləri nümayiş olunur. Hər bir fotoqraf özünəməxsus baxış bucağı ilə Qarabağın ruhunu, həmçinin qədim abidələrimizin və müasir inkişafın ahəngini əks etdirən kadrları təqdim edir.

Sərgi məkanında həmçinin rəssam Məhərrəm Əliyev iriölçülü kətan tablo üzərində Cəbrayıla məxsus motivləri canlı olaraq əks etdirib. İnteraktiv formada hazırlanan bu əsər Cəbrayıl sakinlərinin iştirakı ilə tamamlanıb. Həm uşaqlar, həm də böyüklər rəssamın yaratdığı fon üzərində fırça ilə öz izlərini qoyaraq əsərin yaranma prosesinə qoşulmaq imkanı əldə ediblər.

"Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi və yenicə tamamlanan rəsm əsəri ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti