Üzeyir Hacıbəyli festivalının bağlanışı "Koroğlu" operasının yeni quruluşda təqdimatı ilə olub

Mədəniyyət siyasəti
  • 29 sentyabr, 2025
  • 12:36
Üzeyir Hacıbəyli festivalının bağlanışı Koroğlu operasının yeni quruluşda təqdimatı ilə olub

Bakıda Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin "Koroğlu" operasının yeni quruluşda nümayişi baş tutub.

"Report" xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən mərasimdə rəsmilər, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri və operasevərlər iştirak ediblər.

Üçpərdəli, 5 şəkilli tamaşada Azərbaycanın aparıcı səhnə ustaları iştirak ediblər. Əsərin baş qəhrəmanı Koroğlu (Rövşən) obrazını dünyaşöhrətli tenor, Xalq artisti Yusif Eyvazov canlandırıb. Nigar rolunda Əməkdar artisti İlahə Əfəndiyeva, Həsən xan obrazında isə Əməkdar artist Cahangir Qurbanov çıxış ediblər.

Zəngin ifa tərkibi və yüksək səhnə mədəniyyəti ilə təqdim olunan tamaşa Üzeyir Hacıbəyli festivalının yaddaqalan anlarından olub. Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nümayişin sonunda yaradıcı heyət səhnənin önünə gəlib, əsərin baş qəhrəmanını canlandıran Xalq artisti Yusif Eyvazov çıxış edib, tamaşaçılara təşəkkürünü bildirib.

Qeyd edək ki, ənənəvi musiqi bayramı bu il milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyi ilə yadda qalıb. Azərbaycan Prezidenti İlham Əliyev 3 fevral 2025-ci il tarixdə dahi bəstəkarın yubileyi haqqında Sərəncam imzalayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti