Hər il Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək
- 28 oktyabr, 2025
- 14:15
Bakı Beynəlxalq İncəsənət Festivalı ilə bağlı mətbuat konfransı keçirilib.
"Report" xəbər verir ki, mətbuat konfransında festivalın fəxri səfirləri Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri Fuad İbrahimov, Avroviziya 2018-də Azərbaycan təmsilçisi Aysel Məmmədova və dramaturq, ssenarist İsmayıl İman iştirak edib.
Festivalın PR meneceri Rəşad Alıyev bildirib ki, 31 oktyabr - 16 noyabr tarixləri arası həftə sonları zəngin proqramlar təqdim olunacaq:
"Bakı şəhərini dünyada tanıtma missiyasını nəzərə alaraq, festivalın hər il keçirilməsi planlaşdırılır. Bu cür festivallar yüksəksəviyyəli festival hesab olunur və özündə çox böyük turist potensialı ehtiva edir".
Drijor Fuad İbrahimov qeyd edib ki, festival çərçivəsində Azərbaycana dünyanın bir çox ölkəsindən incəsənət xadimləri gələcək.
Ssenarist İsmayıl İman isə festivalın pandemiyadan sonra Azərbaycanda keçirləcək ən böyük bu formada tədbir olacağını bildirib:
"Festival çərçivəsində dünya şöhrətli rəqqas və xoreoqraf Şaron Eyal-ın "Delay the Sadness" əsərinin premyerası olacaq".
Çıxışların ardınca jurnalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək. Festival çərçivəsində Bakının aparıcı səhnələrində dünya şöhrətli rejissorlar, xoreoqraflar və teatrların tamaşaları təqdim olunacaq. Onlar arasında Şaron Eyal, Rober Lepaj, Daniyele Finzi Paska, Yan Lipin, Giyom Koté, Rimas Tuminas və bir çox görkəmli sənətkarlar yer alır.