Aşqabadda Üzeyir Hacıbəylinin "Ər və arvad" operettası türkmən dilində təqdim olunub
- 17 noyabr, 2025
- 15:14
Aşqabadda Böyük Saparmurad Türkmənbaşı adına Baş Dram Teatrında Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin "Ər və arvad" operettası əsasında səhnələşdirilmiş eyniadlı tamaşa türkmən dilində nümayiş etdirilib.
Azərbaycanın Türkmənistandakı Səfirliyindən "Report"a verilən xəbərə görə, səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tamaşanın ardınca səfirliyinin kollektivi və ailə üzvləri sənətçilərlə görüşərək onlara gül dəstələri təqdim ediblər.
Məlumat üçün qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri Türkmənistanın mədəniyyət həyatında xüsusi yer tutur. "Ər və Arvad" əsəri ilə yanaşı, görkəmli bəstəkarımızın "Arşın mal alan" operettası da Aşqabadda müxtəlif teatr səhnələrində uğurla təqdim edilir və həm yerli, həm də xarici tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir.