Vüqar Bayramov: "Fiskal dayanıqlılıq gələn il də güclənəcək"

Maliyyə
  • 19 noyabr, 2025
  • 15:31
Vüqar Bayramov: Fiskal dayanıqlılıq gələn il də güclənəcək

Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin müdafiə olunan xərcləri tamamilə üstəmələsi büdcə konsalidasiyası çərçivəsində gələn il də fiskal dayanıqlığın güclənəcəyindən xəbər verir.

"Report" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, büdcə layihəsi ölkə Prezidentinin müəyyən etdiyi milli prioritetlərə uyğun hazırlanıb: "Belə ki, gələn il 12 milyard manatdan artıq vəsait milli təhlükəsizliyimizin güclənməsinə və işğaldan azad olunan ərazilərimizin bərpasına yönəldiləcək. Büdcə xərclərinin 30 %-ə yaxınının sözügedən iki istiqamətə yönəldilməsinə baxmayaraq digər prioritet hədəflərə də tələb olunan vəsaitin ayrılması mümkün olacaq. Belə ki, gələn il büdcə xərclərinin 17 milyard manatdan çoxu sosial yönümlü olacaq. Bu isə büdcədən xərclənən hər 100 manatdan 41 manatın sosial istiqamətə ayrılması deməkdir".

Onun sözlərinə görə, son 30 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə böyüyüb, 1995-ci ildə 300 ABŞ dolları olan adambaşına ümumi daxili məhsul (ÜDM) 2025-ci ildə 7,6 min dollara yüksələrək 25 dəfədən çox artıb.

"Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə əsasən, post-sosialist dövlətləri arasında adambaşına düşən ÜDM-in dəyərinə görə son 30 ildə ən güclü sıçrayış Azərbaycanda olub. Ölkəmiz iqtisadi stabilliyi gücləndirməklə yanaşı, neft gəlirlərindən sonra iqtisadiyyatın şaxələndirilməsi islahatlarını dərinləşdirib. İqtisadiyyatın diversifikasiyası baxımından son 10 ildə qeyri-neft-qaz sektorunun büdcə gəlirlərindəki payı 20 %-dən 60 %-ə çatıb. ÜDM-in isə 68 %-i qeyri neft-qaz sektorunun payına düşür", - deyə deputat vurğulayıb.

V.Bayramov təklif edib ki, büdcə xərclərindəki artım dinamikasının iqtisadi artıma və eləcə də bir sıra sektorlardakı tələbə təsirləri ayrıca qiymətləndirilsin, subsidiyaların səmərəliliyinin qiymətləndirilməsi və ayrılması mexanizmi təkmilləşdirilsin, Nazirləri Kabinetində təşkil edilən müzakirələrə ekspertlər də dəvət olunsun (Azərbaycan Mərkəzi Bankında bu təcrübə var).

"2026-cı ilin büdcə zərfi iki fundamental aspektinə görə xüsusilə fərqlənir. Birincisi, növbəti ilin büdcəsi müstəqillik illərinin ən böyük büdcəsi olacaq. İkincisi, enerji gəlirlərimiz artıqdan sonra ilk dəfə dövlət büdcəsinin gəlirlərinin 58 %-ə yaxını qeyri-neft-qaz sektorunun payına düşəcək. Bu isə o deməkdir ki, qeyri-resurs sektoru yalnız ÜDM-in formalaşmasında deyil, eyni zamanda fiskal gəlirlərimizdə drayverə çevrilməkdədir. Bu isə iqtisadiyyatın dinamik inkişafı üçün güclü maliyyə bazası formalaşdırır", - deyə o fikrini tamamlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti