"UK Export Finance" Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələrinə yönəldə biləcəyi vəsaiti açıqlayıb

Maliyyə
  • 23 sentyabr, 2025
  • 11:41
UK Export Finance Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələrinə yönəldə biləcəyi vəsaiti açıqlayıb

"UK Export Finance" Azərbaycanla əməkdaşlıq çərçivəsində öz maliyyə alətlərini dövlət-özəl tərəfdaşlığı sahəsinə yönəltmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu "UK Export Finance"ın biznesin inkişafı üzrə baş mütəxəssisi Kris Allam (Chris Allum) Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) 2-cü günündə bildirib.

K.Allam qeyd edib ki, şirkət layihədə müəyyən qədər Britaniya məzmunu və ixracının yer alması şərti ilə bankların ayırdığı kommersiya kreditlərinə zəmanət verir.

"Britaniya məzmunu və yaxud ixracı dedikdə, təkcə sənaye malları deyil, həm də xidmətlər nəzərdə tutulur. Məsələn, hüquqi dəstək, konsaltinq, məsləhət xidmətləri. Bura həmçinin brendinq, lisenziyalaşdırma və s. kimi qeyri-maddi aktivlər də aid edilir", - o deyib.

Baş mütəxəssisin sözlərinə görə, şirkət bu yaxınlarda ölkədə "Silkway West Airlines" şirkəti ilə uçuş simulyatoru ilə bağlı ilk sövdələşməni başa çatdırıb.

"Azərbaycana gəlincə, 5 milyard funt sterlinqə qədər potensialımız var. Ümid edirik ki, ilk sövdələşməmiz bazarda təkan yaratmağa kömək edəcək. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində "UK Export Finance" ikili rol oynaya bilər: biz kommersiya bankları üçün riskləri azalda və layihələrə özəl kapitalın cəlb edilməsinə kömək edə bilərik. Dövlət-özəl tərəfdaşlığı üçün əsas imkanlardan danışsaq, hesab edirik ki, onlar üç istiqamətə bölünür. Birincisi, nəqliyyat və logistika infrastrukturu. Dövlət-özəl tərəfdaşlığında biz uzunmüddətli perspektivdə gəlir gətirə bilən möhkəm maliyyə modelinə malik layihələr axtarışındayıq. Bu, ödənişli yollar, dəmir yolu layihələri, hava limanları ola bilər. Dəmir yolu sahəsində biz artıq Türkiyədə bir neçə layihə, o cümlədən yüksək sürətli dəmir yolları ilə bağlı üç sövdələşmə həyata keçirmişik", - K.Allam deyib.

Onun sözlərinə görə, ikinci istiqamət "yaşıl enerji" və dekarbonizasiyadır.

"Bizim dəniz külək enerjisi layihələri, o cümlədən üzən külək qurğuları ilə bağlı zəngin təcrübəmiz var. Azərbaycanda inkişaf etməyə başlayan günəş və külək enerjisi layihələrində iştirak etməyə ümid edirik. Digər istiqamət səhiyyə və təhsildir. Böyük Britaniya xəstəxanaların, diaqnostika mərkəzlərinin və digər tibbi obyektlərin tikintisi və istismarında uğurlu dövlət-özəl tərəfdaşlığı modellərinə malikdir. Bu modelləri Azərbaycan bazarına da uyğunlaşdırmaq olar", - K.Allam deyib.

Onun sözlərinə görə, "UK Export Finance" kifayət qədər cəlbedici şərtlər təklif edir: "Biz kommersiya kreditinin məbləğinin 85 %-ə qədərinə zəmanət verə bilərik".

"Bəzi digər agentliklərdən fərqli olaraq, layihə ilə bağlı problem yaranarsa, biz bu zəmanətli məbləğin 100 %-ini ödəyirik. Biz həmçinin yerli valyutada - 60-dan çox valyutada maliyyələşdirməni təmin edə və çevik ödəmə müddətləri təklif edə bilərik. "Yaşıl layihələr"də maliyyələşdirmə müddəti 22 ilə qədər ola bilər. "UK Export Finance" Azərbaycan kimi tərəfdaş ölkələrlə əməkdaşlıq edərək öz maliyyə alətlərini dövlət-özəl tərəfdaşlığı sahəsinə yönəltmək niyyətindədir", - K.Allam vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti