He Çjenvey: "Çinin 20 şirkəti Azərbaycana investisiya qoyuluşuna maraq ifadə edib"
- 23 sentyabr, 2025
- 13:42

Çinin 12 əyalətindən 20 müəssisə, əsasən özəl şirkətlər, Azərbaycana investisiya yatırmaq istəyini ifadə ediblər.
"Report" xəbər verir ki, bunu Çin Xarici İnkişaf Assosiasiyasının prezidenti He Çjenveyi Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bəyan edib.
"Bu gün Azərbaycanda investisiya forumunun keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, əlaqələrin qurulması üçün əla platformadır. Buraya təkcə Çindən deyil, həmçinin Avropadan, xüsusən Belçikadan nümayəndələr gəlib. Bu, həqiqətən xarici investisiyaların cəlb edilməsi üçün mühüm tədbirdir", - o qeyd edib.
H.Çjenveyi Azərbaycanın Çin investisiyalarına diqqət yetirməsinin vacibliyini vurğulayıb və bununla bağlı üç əsas nüansı sadalayıb:
"Çinin xarici investisiyaları artıq 13 ildir ki, dünyada ən böyük üçlükdə yer alır. Onların 2024-cü ildə qlobal həcmdəki payı 11,9 % təşkil edib. Azərbaycan üçün bu, əhəmiyyətli potensial açır. İkincisi, Çində daxili tələbatın azalması və istehsalın çoxluğu şirkətləri daha yüksək tələbatı olan yeni bazarlar axtarmağa sövq edir. Azərbaycan bu meyarlara tam uyğundur. Üçüncüsü, Çin şirkətlərinin strategiyasının dəyişməsi: əvvəllər onlar resurs hasilatına yönəlirdilərsə, bu gün qeyri-neft sahələrinə və istehsala investisiya yatırırlar. Bu da Azərbaycanın prioritetləri ilə üst-üstə düşür".
Onun sözlərinə görə, xüsusilə üç istiqamətdə əməkdaşlıq perspektivləri böyükdür: "Buraya nəqliyyat və logistika – Çindən Avropaya Qazaxıstan və Bakı vasitəsilə marşrutun istifadəsi, bərpa olunan enerji – Azərbaycanda günəş və külək layihələrinin inkişafı, həmçinin intellektual istehsal – avtomobillər, binalar və idarəetmə sistemləri daxil olmaqla "ağıllı texnologiyaların" tətbiqi daxildir.
H.Çjenveyi bildirib ki, Çin və Azərbaycan arasında əməkdaşlıq logistikadan innovativ istehsala kimi böyük perspektivlərə malikdir.