AMB: "Açıq bankçılıq"la əlaqəli innovativ məhsullar "sandbox"a qəbul edilə bilər
- 19 noyabr, 2025
- 14:34
Azərbaycan Mərkəzi Bankı (AMB) açıq bankçılıqla əlaqəli innovativ məhsulları xüsusi tənzimləmə rejiminə ("sandbox") qəbul edə bilər.
"Report" xəbər verir ki, bunu AMB-nin Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsini rəisi Sahib Həsənov Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunda bildirib.
O qeyd edib ki, açıq bankçılığın tətbiqi ilə bağlı beynəlxalq təcrübədə daha çox texniki "sandbox"dan istifadə edilir: "Həmin "sandbox" çərçivəsində hətta lisenziyası olmayan təşkilatlar sintetik data vasitəsilə tətbiq proqramlaşdırma interfeyslərini (API) yoxlaya bilər. Yəni təşkilat qoşula bilər, demo API-lardan istifadə edə bilər və artıq bu məhsulunu müəyyən bir səviyyəyə çatdırdıqdan sonra lisenziyasını alıb onu real "açıq bankçılıq" platformasına inteqrasiya edə bilər.
Məsələn, Gürcüstanda belə bir təcrübə var, yəni texniki "sandbox" tətbiq olunub. Bizdə də bu məsələ müəyyən bir müddətdən sonra aktual olacaq. Hazırda bizim fokusumuz daha çox hesab məlumatları, ödəniş vasitəçiliyi xidmətləridir ki, onların geniş yayılmasına təkan verək. Lakin bu proses müəyyən bir səviyyəyə çatdıqdan sonra biz artıq texniki "sandbox"un tətbiqi ilə bağlı bir tədbirlərə başlayacağıq".