Qazaxıstan Azərbaycanın fəlakət risklərinin sığortalanması təcrübəsini tətbiq edə bilər - EKSKLÜZİV
- 28 oktyabr, 2025
- 15:23
Qazaxıstan Azərbaycanın təbii fəlakət risklərinin modelləşdirilməsi sahəsindəki təcrübəsini öyrənmək və tətbiq etməkdə maraqlıdır.
Bunu "Report"a açıqlamasında Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı üzrə Agentliyinin Sığorta Təşkilatlarının Təftiş Şöbəsinin müdiri Meruert Bayetova açıqlamasında deyib.
Onun sözlərinə görə, Qazaxıstanda hazırda fəlakət risklərinin sığortalanması istiqamətində işlər aparılır: "Bu səbəbdən Azərbaycandakı təcrübəni öyrənmək və tətbiq etmək bizim üçün maraqlı olar".
O bildirib ki, Azərbaycan və Qazaxıstan arasında sığorta bazarında əməkdaşlıq üçün heç bir məhdudiyyət yoxdur və hər iki ölkənin şirkətləri qarşılıqlı fəaliyyət göstərə bilər: "Qazaxıstanda artıq xarici şirkətlərin nümayəndəlik açmasına imkan verən təşəbbüslər qüvvəyə minib. Bu baxımdan azərbaycanlı sığorta şirkətlərinin də bazarımıza çıxışı mümkündür. Çünki həm Qazaxıstan, həm də Azərbaycanda müvafiq tənzimləyici qurumlar mövcuddur. İki tərəfdən sərt tələblər qoymaq məqsədəuyğun deyil. Hər hansı məsələdə isə Azərbaycan nəzarət orqanına müraciət edə bilərik".
M. Bayetova bildirib ki, əməkdaşlıq imkanları yalnız birbaşa sığorta ilə məhdudlaşmır, həm də təkrarsığorta sahəsini əhatə edə bilər: "Şirkətlər riskləri qəbul etməkdə də, onları ötürməkdə də maraqlı ola bilər".
Agenlik rəsmisi əlavə edib ki, süni intellekt texnologiyalarının tətbiqi də gündəmin əsas mövzularındandır: "Hazırda bir çox ölkələr bu istiqamətdə addımlar atır. Qazaxıstanda da artıq peşəkar komanda formalaşdırılıb. Amma təcrübə hər zaman dəyərlidir. Bu kimi konfranslarda məqsədimiz odur ki, biz sizdən, siz də bizdən faydalı təcrübə öyrənəsiniz. Biz dialoqa açığıq".