Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı 9 %-dən çox artıb
- 09 sentyabr, 2025
- 11:40

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 30 121 şəxs qəbul edilib.
"Report" quruma istinadən xəbər verir ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 40 897 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 % çoxdur.
Ümumi xidmətlərin 86 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- "ASAN İmza" sertifikatının verilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
- Fiziki şəxsin uçotdan çıxarılması;
- Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.
8 ay ərzində vergi ödəyicilərinə 663 309 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, onlarla 77 görüş keçirilib, 323 sayda ünvanlı xidmət göstərilib, 2 318 müraciət üzrə 4 133 "ASAN İmza" sertifikatı verilib.