Türkiyə XİN: Orta Dəhliz üzrə Azərbaycan və Mərkəzi Asiya ilə əməkdaşlıq imkanları araşdırılır

İnfrastruktur
  • 09 sentyabr, 2025
  • 16:59
Türkiyə XİN: Orta Dəhliz üzrə Azərbaycan və Mərkəzi Asiya ilə əməkdaşlıq imkanları araşdırılır

Orta Dəhlizin potensialından səmərəli istifadə etmək üçün Türkiyə Azərbaycan, eləcə də Qazaxıstan, Özbəkistan və Türkmənistanla əlavə əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə ikitərəfli mexanizmlər yaradıb.

"Report" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısının "Avrasiyada bağlantının gücləndirilməsi" sessiyasında çıxışı zamanı deyib.

 Onun sözlərinə görə, əlaqəlilik anlayışı əməli addımlarla müşayiət olunmalıdır: "Nəqliyyat və ticarət dəhlizləri qurmaqla biz, əslində, iqtisadiyyatlarımızı, cəmiyyətlərimizi və vətəndaşlarımızı birləşdirən etimad dəhlizləri də formalaşdırırıq".

T. Dilmaç əlavə edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Orta Dəhliz üzrə Azərbaycan və Mərkəzi Asiya tərəfdaşları ilə sıx əməkdaşlıq aparılır: "Məqsəd bu yolun iqtisadi inteqrasiyanı və davamlı inkişafı gücləndirməsinə nail olmaqdır Biz inanırıq ki, Orta Dəhliz Mərkəzi Asiya ölkələrinə ticarət yollarını genişləndirmək, iqtisadi inteqrasiyanı dərinləşdirmək və davamlı inkişafı təmin etmək imkanı yaradır".

Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə vasitəsilə Avropaya uzanan beynəlxalq nəqliyyat marşrutudur.

Rəsmi məlumatlara əsasən, 2024-cü ildə Orta Dəhlizlə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin 5,2 milyon tona yüksələcəyi proqnozlaşdırılır. Bunun 4,2 milyon tonu marşrut iştirakçısı ölkələrin ərazisindən keçəcək, 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək.

Proqnozlara görə, 2027-ci ilə qədər Orta Dəhlizin illik buraxılış qabiliyyəti 10 milyon tona çata bilər.