Gürcüstan DTX: Rusiya qüvvələri Qoridə Gürcüstan vətəndaşını qanunsuz saxlayıb

Region
  • 09 sentyabr, 2025
  • 17:14
Gürcüstan DTX: Rusiya qüvvələri Qoridə Gürcüstan vətəndaşını qanunsuz saxlayıb

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori bələdiyyəsinin Zemo Xviti kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda qeyd olunub.

Qurumun açıqlamasına görə, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra DTX Avropa İttifaqının Monitorinq Missiyasının iştirakı ilə "qaynar xətt" mexanizmini işə salıb.

"Daha bir qeyri-qanuni saxlanma faktı dərhal Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb. Saxlanılan Gürcüstan vətəndaşının azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb. Bunun üçün tam məsuliyyəti işğalçı dövlət daşıyır", – qurumun bəyanatında bildirilib.