IMF 2027-ci ilədək Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda CƏB-in profisitli olacağını gözləyir

Maliyyə
  • 14 oktyabr, 2025
  • 18:17
IMF 2027-ci ilədək Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda CƏB-in profisitli olacağını gözləyir

Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar balansının profisitinin ÜDM-in 4,3 %-i səviyyəsində olacağını proqnozlaşdırır.

"Report" xəbər verir ki, bu barədə IMF-nin oktyabr icmalında deyilir.

2026-cı ildə bu göstərici ÜDM-in 2,3 %-nə qədər azalacaq, lakin 2030-cu ildə 0,8 % səviyyəsində defisit gözlənilir. 2025-ci il üzrə proqnoz göstəriciləri aprel gözləntiləri ilə müqayisədə 3,5 faiz bəndi, 2026-cı il üzrə isə 1,8 faiz bəndi azaldılıb.

Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycanda CƏB-in profisitlə olacağı proqnozlaşdırılır. Ermənistanın cari əməliyyatlar balansı üzrə defisitinin 2025-ci və 2026-cı illər üçün ÜDM-in 4,7 %, 2030-cu il üçün isə ÜDM-in 4,3 % səviyyəsində, Gürcüstanda isə müvafiq olaraq ÜDM-in 4,5 %, 4,6 % və 4,9 % səviyyəsində olacağı gözlənilir.

Mərkəzi Bankın məlumatlarına görə, 2025-ci ilin birinci yarısında cari əməliyyatlar balansının profisiti ÜDM-in 6,3 %-ni təşkil edib. Eyni dövrdə tədiyyə balansının profisiti 2,3 milyard ABŞ dollarına çatıb ki, bu da 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 11,7 % azdır.

AMB proqnozlaşdırır ki, 2025-2026-cı illərdə cari əməliyyatlar balansının profisiti hər il 3-4 milyard ABŞ dolları səviyyəsində qalacaq.

Azərbaycan hökumətinin proqnozlarına görə, 2025-ci ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 5,6 %-i səviyyəsində gözlənilir. 2025-2028-ci illərdə neft və qaz hasilatının gözlənilən həcmləri nəzərə alınmaqla, profisit hər il orta hesabla ÜDM-in təxminən 3 %-nə bərabər olacaq.

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings"in proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabı profisiti 4 milyard ABŞ dolları (ÜDM-in 5,3 %-i) təşkil edəcək, 2026-cı ildə isə cari əməliyyatlar hesabı profisiti 3,9 milyard dollara (ÜDM-in 4,9 %-nə) qədər azalacaq.

Dünya Bankı 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisitini ÜDM-in 11,6 % səviyyəsində proqnozlaşdırır. Növbəti illərdə bank bu göstəricinin azalacağını gözləyir. 2026-cı ildə ÜDM-in 5,4 %-nə, 2027-ci ildə ÜDM-in 3,8 %-nə, 2028-ci ildə ÜDM-in 3,6 %-nə, 2029-cu ildə isə ÜDM-in 3,4 %-nə qədər azalma olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti