IFC Azərbaycanla əməkdaşlığın yeni mərhələsinə hazırdır
- 20 noyabr, 2025
- 12:56
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda əməkdaşlığın daha da genişlənməsini gözləyir və ölkənin prioritet inkişaf istiqamətlərini dəstəkləməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə IFC-nin Qərbi Balkanlar və Cənubi Qafqaz üzrə direktoru Vibke Şlömer sosial şəbəkələrdəki paylaşımında bildirib.
Onun sözlərinə görə, IFC artıq 30 ildir ki, Azərbaycanın inkişaf yolunu dəstəkləyir.
"Azərbaycanın IFC-yə qoşulduğu 1995-ci ildən etibarən maliyyə xidmətləri, infrastruktur, sənaye və aqrar biznes sahələrində təxminən 60 layihə həyata keçirilib. Eyni zamanda, bizim məsləhətçi fəaliyyətimiz biznes mühitinin gücləndirilməsinə, maliyyə sektorunun dəstəklənməsinə, korporativ idarəetmənin təkmilləşdirilməsinə və kiçik və orta biznes üçün imkanların genişləndirilməsinə töhfə verib", - o qeyd edib.
V.Şlömer vurğulayıb ki, səfər Azərbaycanla tərəfdaşlıqların davamlı inkişafını və ümumi hədəflərin aydınlığını təsdiqləyib.
"Bu gün diqqətimiz iqtisadi şaxələndirmənin dəstəklənməsi, iş yerlərinin yaradılması, KOB-ların maliyyə mənbələrinə çıxışının genişləndirilməsi, enerji əlçatanlığının artırılması və ölkənin regional nəqliyyat qovşağı kimi rolunu möhkəmləndirən infrastrukturun inkişafına yönəlib. Bu fəaliyyət vacibdir, çünki biznesin inkişafına, özəl investisiyaların stimullaşdırılmasına və xüsusilə Azərbaycanın karbohidrogenlərdən asılılığının azaldığı bir vaxtda daha dayanıqlı və inklüziv gələcəyin formalaşmasına töhfə verir", - IFC rəhbəri vurğulayıb.
Azərbaycana bu yaxınlarda səfəri zamanı V.Şlömer həmçinin ölkənin tranzit mərkəz rolunu təsdiqləyən Bakı Beynəlxalq Dəniz Limanında olub. 13 körpüsü, ixtisaslaşmış yük və bərə terminalları və Ələt Azad İqtisadi Zonasına birbaşa çıxışı olan liman regional logistikada mühüm rol oynayır.
Bakıda ölkənin iqtisadi siyasətini formalaşdıran rəhbərlərlə, xüsusilə Nəqliyyat Nazirliyi, Mərkəzi Bank və İqtisadiyyat Nazirliyində konstruktiv görüşlər keçirilib. Bu görüşlərdə ölkədə aparılan mühüm islahatlar təqdim edilib və özəl sektorun inkişafı üçün yeni imkanlar müəyyən edilib.
"IFC kiçik biznesə dəstək və iqlim investisiyaları sahəsində fəaliyyətini gücləndirdiyi üçün bu münasibətlərin möhkəmləndirilməsi prioritetimiz olaraq qalır. Bu missiya mənə xatırlatdı ki, əhəmiyyətli irəliləyiş ümumi baxış və ardıcıl qarşılıqlı fəaliyyət üzərində qurulur. Mən əməkdaşlığımızın daha da dərinləşməsini və növbəti illərdə Azərbaycanın inkişaf prioritetlərinin dəstəklənməsini səbirsizliklə gözləyirəm", - V.Şlömer qeyd edib.