Bakıda keçiriləcək Dünya İdman və Biznes Sammiti üçün qeydiyyat prosesi başlayıb
- 20 noyabr, 2025
- 15:48
2026-cı il mayın 24-28-i aralığında Bakıda keçiriləcək SportAccord Dünya İdman və Biznes Sammiti üçün nümayəndə heyətlərinin qeydiyyat prosesi başlayıb.
Bu barədə "Report"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
120-dən çox beynəlxalq federasiyanı birləşdirən SportAccord da rəsmi açıqlama yayıb.
Bakıda keçiriləcək Konvensiyada beynəlxalq federasiya rəhbərləri, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri və aparıcı ekspertləri iştirak edəcəklər. Yerli və regional nümayəndələr üçün bu tədbir yeni əlaqələr qurmaq, bilik mübadiləsi aparmaq və idman dünyasının ən nüfuzlu qurumları ilə strateji tərəfdaşlıqlar inkişaf etdirmək üçün unikal imkan yaradacaq.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tədbirin ölkəmizdə keçirilməsinə münasibət bildirib:
"Ölkəmizin SportAccord Convention tədbirinə ev sahibliyi etməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu idman siyasətinin göstəricisidir. Ölkəmiz dünya idmanının aparıcı nümayəndələrini qəbul etməyə və səmərəli dialoq və əməkdaşlıq üçün şərait yaratmağa hazırdır. İnanırıq ki, bu tədbir idmanın inkişafına mühüm töhfə verəcək".
SportAccord təsdiqləyir ki, nümayəndə heyətlərinin qeydiyyatı təşkilatın rəsmi platformasında artıq aktivdir. İştirakçılara beynəlxalq idman təqviminin ən vacib tədbirlərindən birində yerini təmin etmək üçün qeydiyyatdan erkən keçmək tövsiyə olunur.