Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin xalis mənfəəti 2 dəfə azalıb
- 27 oktyabr, 2025
- 16:27
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi 2024-cü ili 129 min manat xalis mənfəətlə başa vurub.
"Report" xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.
Ötən il qurumun vergiyəqədərki mənfəəti 146 min manat (illik müqayisədə 49,1 % az), mənfəət vergisi ödəmələri isə 17 min manat (32 % az) təşkil edib.
Bu il yanvarın 1-nə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin aktivləri 772 min manat olub ki, bu da, illik müqayisədə 7,8 % azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri 3,6 dəfə azalaraq 74 min manata düşüb, balans kapitalı isə 22,7 % artaraq 698 min manata çatıb.
Xatırladaq ki, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ölkə Prezidentinin 19 may 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla ölkədə hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.