İsrail daha bir girovun cəsədini təhvil alıb - YENİLƏNİB
- 28 oktyabr, 2025
- 01:19
İsrail hərbçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarının vasitəçiliyi ilə Qəzza zolağında həlak olmuş daha bir girovun qalıqları olan tabutu əldə ediblər.
"Report" xəbər verir ki, bu barədə İsrail Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
"Yaxın zamanda hərbçilər tabutu İsrail ərazisinə çatdıracaq, bundan sonra məhkəmə-tibb ekspertləri qalıqların müəyyənləşdirilməsi prosedurunu həyata keçirəcəklər", - ofisdən bildirilib.
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında girov götürülmüş daha bir şəxsin cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verəcək.
"Report"un məlumatına görə, müvafiq bəyanat hərəkatın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın "Telegram" kanalında yayımlanıb.
"[İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi] razılaşmasının bir hissəsi olaraq yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 22:00) daha bir israilli girovun cəsədini [tibb işçilərinə] təhvil vermək qərarına gəldik", - açıqlamada vurğulanıb.