Gürcüstan bankının Azərbaycandakı törəməsi 3 mln manat borc almaq istəyir

Maliyyə
  • 20 sentyabr, 2021
  • 06:38
Gürcüstan bankının Azərbaycandakı törəməsi 3 mln manat borc almaq istəyir

Gürcüstanın aparıcı bankı – “TBC Bank”ın Azərbaycandakı törəməsi “TBC Kredit” MMC bank omayan kredit təşkilatı 3 milyon manat məbləğində istiqraz buraxmağa hazırlaşır.

“Report” bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənəd Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirilib. Emissiya prospektinə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətli kağızlar 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12 %-dir. Faizlər 6 aydan bir ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar sentyabrın 23-də birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.