Baş nazir: "Statistik məlumatların beynəlxalq standartlara uyğun istehsalı diqqət mərkəzindədir"
- 24 sentyabr, 2025
- 10:56

Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır.
"Report" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunda bildirib.
Onun sözlərinə görə, eyni zamanda, süni intellekt kimi müasir çağırışlar statistika sahəsində yeni metodologiyaların, alət və yanaşmaların işlənib hazırlanmasını, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsini zəruri edir: "Bu hədəflərin reallaşdırılması üçün isə effektiv beynəlxalq əməkdaşlıq və onun imkanlarının düzgün dəyərləndirilməsi vacibdir. Biz rəsmi statistika sahəsində müasir texnologiyalara, süni intellektə və rəqəmsal transformasiyaya əsaslanan islahatlara xüsusi önəm veririk. Ölkəmiz bu istiqamətdə aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edərək qlobal inkişaf gündəliyinə töhfə verməyə səy göstərir".
Ə. Əsədov qeyd edib ki, BMT-nin Statistika Komissiyasının qərarı ilə bu il oktyabrın 20-də "Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək" şüarı altında Ümumdünya statistika günü qeyd ediləcək: "Əminəm ki, həmin əlamətdar gün ərəfəsində baş tutan Forum statistika cəmiyyətinin bir araya gələrək gələcəyə yönələn önəmli təşəbbüslər irəli sürəcəyi, qarşılıqlı bilik və təcrübə mübadiləsi aparacağı məhsuldar müzakirələrlə yadda qalacaq".