Dze Can: "Azərbaycan Çinin rəqəmsallaşdırma təcrübəsini öyrənməyi planlaşdırır"

İKT
  • 24 sentyabr, 2025
  • 14:40
Dze Can: Azərbaycan Çinin rəqəmsallaşdırma təcrübəsini öyrənməyi planlaşdırır

Çinin statistik rəqəmsallaşdırma təcrübəsi Azərbaycanda maraq doğurur.

"Report" xəbər verir ki, bunu Çinin Siyahıyaalma Mərkəzinin baş direktorunun müşaviri Dze Can (Jie Zhang) Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunda bildirib.

D. Canın sözlərinə görə, son illərdə süni intellektin sürətli inkişafı hökumətlərdən, biznes qurumlarından və ictimaiyyətdən statistik məlumat xidmətlərinə daha yüksək tələblər irəli sürür.

Qonaq bildirib ki, artan məlumat həcmi sosial və iqtisadi fəaliyyətlərin təşkili üçün yeni imkanlar açmaqla yanaşı, statistik və analitik işlər üçün də böyük çağırışlar yaradır: "Məhz buna cavab olaraq Çin Dövlət Statistika Komitəsi bulud texnologiyaları və süni intellektin statistik işlərdə tətbiqini gücləndirib və vahid bulud platformasının yaradılmasını hədəfləyib".

Onun fikrincə, bu təcrübə Azərbaycanın statistik məlumatların rəqəmsallaşdırılması və idarə olunması prosesində də faydalı ola bilər: "Azərbaycan Dövlət Statistika Komitəsi artıq müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində proqramlar üzərində işləyir və yaxın gələcəkdə məlumatların toplanması, işlənməsi və təqdimatı proseslərini optimallaşdırmaq məqsədilə Çin təcrübəsini öyrənməyi planlaşdırır".

Son xəbərlər

Bütün Xəbər Lenti