Macarıstandan Azərbaycanın bərpa olunan enerji sektoruna mümkün investisiyalar müzakirə edilir
- 22 oktyabr, 2025
- 19:49

Budapeşt və Bakı arasında Azərbaycanın bərpa olunan enerji sektoruna mümkün investisiyalar barədə müzakirələr davam edir.
"Report" xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda Macarıstanın Milli Günü və 1956-cı il inqilabının ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
O qeyd edib ki, Macarıstanın MOL və MVM şirkətləri Azərbaycanda dünyanın ən böyük təbii qaz və xam neft yataqlarında mülkiyyət hüququ əldə ediblər, şirkətlərimiz beynəlxalq enerji bazarlarına fərqli imkanlarla çıxa bilər, yəni təkcə alıcı kimi deyil, həm də satıcı kimi:
"Beləliklə, SOCAR və bizim iki şirkətimizlə sıx əməkdaşlıq təkcə korporativ məsələ deyil, həm də Macarıstanın enerji təhlükəsizliyinə və enerji suverenliyimizə güclü töhfədir. Macarıstan bunu yüksək qiymətləndirir. "Yaşıl enerji" sahəsində əməkdaşlığımız Yaşıl Enerji Dəhlizi layihəsi ətrafında cəmlənir və Azərbaycanın bərpa olunan enerji sektoruna mümkün investisiyalar barədə müzakirələr davam edir".